09
Noyabr

9 Noyabr

Sosial media

Qələbəni “Can Azərbaycan” oxuyaraq qeyd edən veteran

Noyabrın 8-də Şuşanın erməni işğalından azad olunması xəbəri yayıldıqdan sonra xalqımız bu hadisəni Bakıda sevinc yürüşü ilə qeyd etdi. Sosial şəbəkələrdə yayılan və ən çox paylaşılan yürüş foto və videolarından biri də yaşlı bir babanın- Ağababa İsgəndərovun əlində bayraqla çətinliklə də olsa "Can Azərbaycan" oxuyub addımlaması idi.

Hər kəs İkinci Dünya müharibəsinin iştirakçısı olmuş 94 yaşlı paytaxt sakininin əlində şanlı bayrağımızı qaldıraraq küçələri dolaşması görüntyüsünü paylaşır, onun yerə-göyə sığmayan sevincinə şərik olduğunu göstərirdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.