02
Oktyabr

2 Oktyabr

Diplomatik təmaslar

Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə məktub göndərib

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçə məktub ünvanlayıb.

Məktubda deyilir: 

"Hörmətli cənab Sədr,

Sizə səmimi salamlarımı yetirir, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı Bosniya və Herseqovinanın obyektiv mövqeyinə görə Sizə öz adımdan və Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm.

Cari ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti boyu yaşayış məntəqələrimizin və hərbi birləşmələrimizin mövqelərinin ağır artilleriya qurğularından atəşə tutulması nəticəsində hərbi qulluqçularımız, 20-yə yaxın mülki şəxsimiz, o cümlədən iki uşaq həlak olmuş, 50-dən çox mülki şəxs yaralanmışdır. Bu hərbi təcavüzün qarşısının alınması məqsədilə Azərbaycan Ordusu zəruri əks-hücum tədbirlərini həyata keçirir.

Bu təxribat Ermənistanın ölkəmizə qarşı 30 ildən artıq yürütdüyü işğalçılıq siyasətinin davamıdır. Son vaxtlar, xüsusilə də iyul-avqust aylarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlar müntəzəm xarakter almış, bu ölkənin hərbi-siyasi rəhbərliyi danışıqlar prosesini şüurlu şəkildə sarsıtmağa yönəlmiş təcavüzkar bəyanatlar səsləndirmişdir. Eyni zamanda, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində xarici vətəndaşların qeyri-qanuni məskunlaşmasını həyata keçirmiş, torpaqlarımızda vuruşmaq üçün on minlərlə könüllüdən ibarət hərbi birləşmələr yaratmışdır.

Azərbaycan Ordusu öz doğma torpağında ölkəmizin ərazi bütövlüyünü müdafiə edir və bundan sonra da edəcəkdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, əzəli tarixi torpağımızdır. Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı Bosniya və Herseqovinanın ədalətli mövqeyinə görə Sizə bir daha təşəkkür edirəm. Ölkənizin Azərbaycana göstərdiyi bu dəstəyi xalqımız yüksək qiymətləndirir.

İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Bosniya və Herseqovina xalqına daim rifah və əmin-amanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2020-ci il."

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.