Yerli media
Ağdamın Gül Baharlı kəndi atəşə tutulub, evlərə və məktəb binasına ziyan dəyib (Azərtac)
Düşmən Ağdam rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir. Rayonun Gül Baharlı kəndində Məzahir İsmayılovun evi dağılıb, Rəşid Vəliyevin evinə, yardımçı tikiliyə və məktəb binasına ziyan dəyib.
Məzahir İsmayılov bildirib ki, kənd artilleriya atəşinə tutulan zaman həyətdə olub: “Hadisə gecə saatlarında baş verdi. Həyətdəki yardımçı binada yatmışdım. Güclü partlayış səsinə oyandım. Gördüm ki, mərmi evin üstünə düşərək partlayıb. Ev və içindəki əşyalar yararsız hala düşüb. Lakin düşmən bilsin ki, biz ondan qorxmuruq. Hamımızın istəyi düşmənlərin torpaqlarımızdan qovulub çıxarılmasıdır. Biz ordumuza güvənirik, tezliklə qələbə qazanacağımıza inanırıq”.