01
Oktyabr

1 Oktyabr

Yerli media

Düşmən Horadizdə onlarla mülki şəxsin evinə və obyektlərinə ziyan vurub (Azərtac)

Erməni hərbçiləri müharibə cinayətlərini davam etdirərək dinc sakinləri hədəf alırlar.

Düşmən Horadiz şəhərində bir sıra evləri və obyektləri artilleriya atəşinə tutub. Nəticədə bir neçə ev, geyim və tikinti materialları mağazası, yeməkxana, dərzi sexi, stomatoloq binası ciddi ziyan görüb.

Horadiz sakinləri düşmənin dinc sakinləri hədəf almasına baxmayaraq, doğma yurdlarını tərk etməyəcəklərini və qələbə sorağını eşidəcəkləri günün uzaqda olmadığını vurğulayıblar. Onlar qüdrətli Azərbaycan Ordusuna güvəndiklərini və Ali Baş Komandan İlham ƏIiyevin ətrafında sıx birləşdiklərini bildiriblər.

Horadiz şəhər sakini Məhərrəm İbişov deyib: “Top mərmisi atılanda xoşbəxtlikdən evdə deyildik. Qonşuluqdakı evlərə də ciddi ziyan dəyib. Buna baxmayaraq biz Azərbaycan əsgərinə güvənərək, öz ata-baba yurdumuzu tərk etmirik. İnşallah zəfər bizimlədir”.

Şəhər sakini Rahilə Mürşüdova da eyni fikirdədir. “Ermənilər bizim ordudan qorxur, ona görə də mülki şəxsləri hədəf seçir. Lakin qüdrətli ordumuz onlara layiqli cavab verir”, - deyə o qeyd edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.