01
Dekabr

Xarici media

BERNAMA agentliyi Azərbaycan Ordusunun bölmələrinin Laçın rayonuna daxil olması barədə xəbəri yayıb

Malayziyanın BERNAMA Agentliyi Azərbaycan Ordusunun bölmələrinin Laçın rayonuna daxil olması barədə xəbəri yayıb.

“Azərbaycan Ordusu 28 ildən sonra Laçın rayonuna daxil olub” adlı xəbərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadla dekabrın 1-də Ordumuzun bölmələrinin bu rayona daxil olduğu barədə məlumat verilib.

Müdafiə Nazirliyinin məlumatından gətirilən sitatda deyilir: “Azərbaycan Respublikasının, Rusiya Federasiyasının prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli bəyanata əsasən dekabrın 1-də Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub”.

Xəbərdə keçmiş Sovet İttifaqının iki respublikası arasında ötən əsrin 90-cı illərində baş vermiş silahlı qarşıdurma nəticəsində xarici havadarlarına arxalanan Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik daha yeddi rayonu işğal etməsi barədə məlumat verilir.

Qeyd edilir ki, cari il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı növbəti təxribatlarından sonra Azərbaycan Ordusu əks-hücuma keçib. 44 gün davam edən döyüşlər nəticəsində Azərbaycan bir sıra şəhərləri və 300-dək yaşayış məntəqəsini azad edib.

Noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalanıb. Vurğulanır ki, bu, Azərbaycanın tam qələbəsi, Ermənistanın isə məğlubiyyəti kimi qiymətləndirilir.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.