25
Noyabr

Xarici media

İspaniya mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər rayonuna daxil olması barədə yazır

İspaniyanın EFE informasiya agentliyi, ölkənin qocaman qəzetlərindən biri olan “La Vanguardia”, həmçinin Latın Amerikasının “Diariolibre” onlayn nəşri Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanata müvafiq olaraq, bu gün Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər rayonuna daxil olması barədə xəbər dərc ediblər.

Nəşrlər bundan əvvəl ermənilərin Kəlbəcərdən çıxarılması tarixinin 10 gün – noyabrın 15-dən 25-dək uzadılmasına Azərbaycan hakimiyyətinin razılıq verməsini qeyd edirlər.

İspan mətbuatı diqqətə çatdırır ki, 44 günlük müharibə Ermənistanda ciddi siyasi böhran yaradıb, ölkədə hökumətin istefası tələbi ilə iki həftədir etiraz aksiyaları keçirilir.

İspan KİV-ləri, ötən cümə günü – noyabrın 20-də Azərbaycan Ordusunun Ağdam rayonuna – regionda döyüş əməliyyatlarının dayandırılması barədə razılaşmaya uyğun olaraq, Azərbaycana qaytarılan daha bir əraziyə daxil olmaları barədə yazıb.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.