31
Oktyabr

31 Oktyabr

Prezident Administrasiyası

Prezidentin köməkçisi: Azərbaycan Respublikasının Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Respublikasının Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur. Azərbaycan Ordusu Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edir.

Bu fikirlər Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasında yer alıb.

Prezidentin köməkçisi deyib: “Ermənistan ərazisindən və işğal olunmuş ərazilərdən beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları tərəfindən bəyan edildiyi kimi, ballistik, qadağan edilmiş kasetli reaktiv raketlər və ağır artilleriya ilə Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi, Naftalan, Daşkəsən Qəbələ, Kürdəmir, Siyəzən, Xızı və digər şəhər və rayonlarının dinc sakinləri və mülki obyektləri bombardman edilib. Bu raket hücumları nəticəsində sıralarında 11 azyaşlı uşaq, 27 qadın olmaqla, 91 nəfər mülki insan həlak olub, 400-dən artıq mülki şəxs yaralanıb. Eyni zamanda, Ermənistan ərazisindən ağır artilleriya, ballistik və reaktiv raketlər, kasetli bombalar və digər atıcı silahlardan istifadə edilərək Azərbaycan Ordusunun mövqelərinə davamlı olaraq atəşlər açılır. Bu, dözülməzdir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.