Prezident Administrasiyası
Prezidentin köməkçisi: Ermənistana təhvil verilmiş yaşlı qadının işgəncələrə məruz qalaraq müstəntiq qarşısına çıxarılması qəbuledilməzdir
Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya Federasiyasının humanitar dəstəyi ilə Ermənistan tərəfə təhvil verilmiş 85 yaşlı Yevgeniya Babayanın Ermənistanda psixoloji və fiziki işgəncələrə məruz qalaraq, müstəntiq qarşısına çıxarılması ciddi təəssüf və narahatlıq doğurur.
Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib.
Hikmət Hacıyev deyib: “Ermənistan tərəfindən təqdim olunan səhnələşdirilmiş videoda yaşlı qadın əvvəlcədən təqdim olunmuş mətn üzrə fikir söyləməyə məcbur edilir. Bizdə olan məlumata görə, həmin qadının yaxın qohumları da Ermənistanın xüsusi xidmət orqanları tərəfindən istintaqa cəlb edilib.
Döyüş meydanında Ermənistan silahlı qüvvələri tərəfindən yalnız qoyulan və fiziki yardıma ehtiyacı olan Yevgeniya Babayana Azərbaycan tərəfdən bütün zəruri tibbi yardım, insani davranış və dəstək göstərilib. Ermənistandan fərqli olaraq bu yaşlı qadın müstəntiq qarşısına çıxarılmayıb və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin müşayiəti ilə xəstəxanaya yerləşdirilib.
Prezident İlham Əliyevin humanist təşəbbüsü ilə erməni əsgərlərinin cəsədlərinin və yaşlı iki erməninin oktyabrın 18-də Ermənistana verilməsi təklif olunsa da, Ermənistan bundan imtina edib. Ermənistan tərəfi yalnız oktyabrın 28-də Yevgeniya Babayanı, oktyabrın 29-da isə erməni əsgərlərin cəsədlərini qəbul etməyə razılıq verib.
Azərbaycan tərəfi 84 yaşlı Mişa Melkumyanı oktyabrın 29-da BQXK-nın vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəmiş, lakin qarşı tərəf qeyri-insani davranış göstərərək M.Melkumyanı təhvil almaqdan imtina etmişdir. Xroniki xəstəliklərdən əziyyət çəkən və xəstəxanaya yerləşdirilən Mişa Melkumyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin nəzarəti altında olmuşdur. Həmin şəxs əziyyət çəkdiyi çoxsaylı xroniki xəstəliklərdən vəfat edib. Ermənistan tərəfi qəbul etməkdən imtina etdiyi bu yaşlı şəxsin vəfatını da səhnələşdirib propaqanda mövzusuna çevirəcək.
Ermənistan xüsusi xidmət və istintaq orqanlarının 85 yaşlı qadına və onun yaxın qohumlarına psixoloji təsir göstərərək Azərbaycana qarşı ifadələr almasını, onu Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırmasını qəti şəkildə pisləyirik. Sağlamlıq durumu yaxşı olmayan yaşlı qadına qarşı bu cür qeyri-humanist davranış qəbuledilməzdir”.
Oktyabrın 30-da Ermənistan rəsmi qurumlarının məlumatlarına istinadən bir sıra erməni informasiya resursları tərəfindən guya Azərbaycan Ordusunun sıralarında hərbi əməliyyatlara cəlb edilmiş, amma Ermənistan hərbçiləri tərəfindən saxlanılmış suriyalı “döyüşçü”nün ifadə verməsinə dair videokadr yayılıb. Ermənistan tərəfi bir ay müddətində bu cür ucuz və qeyri-peşəkar formada hazırlanan səhnələşdirilmiş saxta videolar və məlumatlarla guya Azərbaycan tərəfdə muzdluların döyüşdüyünü isbat etməyə çalışır.
Hikmət Hacıyev deyib: “Prezident İlham Əliyevin müxtəlif xarici KİV-lərə açıqlamalarında dəfələrlə qeyd etdiyi kimi, ölkəmizin ərazilərini uzun illər ərzində işğalda saxlamağa çalışan Ermənistanın bu iddialarının məqsədi Azərbaycan Silahlı Qüvvələrinin Vətən torpaqlarını azad etmək istiqamətində uğurlu hərbi əməliyyatlarına kölgə salmaq, beynəlxalq terrorçuluğa qarşı mübarizənin ön cəbhəsində duran ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmağa yönəlmişdir. Təqdim olunan 1 dəqiqəlik videoda bir çox kadrlar dəfələrlə çəkilib, sonradan montaj edilib.
Dindirilən şəxsin səsinin linqvistik ekspertizası nəticəsində müəyyən edilib ki, o, Suriyada yaşayan kürdlərdəndir. Bu şəxs videonun 47-ci saniyəsində kürd dilində astaca söz deyir, sonra isə ərəb dilinə keçir. Bu fakt həmin şəxsin PKK üzvü ola biləcəyi ehtimalını deməyə əsas verir. Ermənistan silahlı qüvvələrinin tərkibində Suriya və İraqdan gətirilmiş PKK-çıların olması faktdır. Bu şəxs əvvəlcədən əzbərlədiyi və ya suflyor vasitəsilə təqdim olunan mətni oxumaqda çətinlik çəkir.
Sorğuda iştirak edən və ərəbcə danışan ikinci şəxsin isə ərəb olmadığı, Suriya ermənisi olduğu güman edilir.
Bu şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi formasına bənzər geyimdədir. Ermənistanın müdafiə naziri Tonoyanın bu günlərdə döyüş əməliyyatları zonasında erməni hərbi qulluqçularla çəkdirdiyi şəkildə içərisində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi formasına bənzər geyimdə olan iki nəfər diqqətdən qaçmayıb. Sonradan Ermənistan Müdafiə Nazirliyi qeyd olunan fotonu silib.
Azərbaycanın dövlət orqanlarında Ermənistan hərbi birləşmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edən əcnəbilərin və muzdluların, o cümlədən Suriyadan gətirilmiş terror təşkilatları fəallarının olması barədə təkzibedilməz sübutlar və əməliyyat məlumatları mövcuddur.
Ermənistanın Müdafiə Nazirliyi və digər rəsmi orqanlarının bu kimi saxta səhnəciklər hazırlamaqla məşğul olmaqdansa məğlubiyyətləri barədə erməni ictimaiyyətinə dolğun məlumat vermələri daha faydalı olardı”.