Prezident Administrasiyası
Prezidentin köməkçisi: Ermənistanın Azərbaycana vurduğu ziyanın araşdırılması aparılacaq
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün oktyabrın 30–da Baş Prokurorluqda təşkil olunan brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.
"Azərbaycan dövləti xalqımıza qarşı törədilən müharibə cinayətlərinə görə hüquqi təqib addımlarını davam etdirəcək. Bu cinayətlər beynəlxalq platformalarda zəruri qiymətini almalıdır."
Prezidentin köməkçisi qeyd edib ki, bütün bunların qiymətləndirilməsi üçün hərbi tribunalın yaradılmasına ehtiyac var. Bu, intiqam deyil, bu, ədalətin bərpasıdır.
Hikmət Hacıyev vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində çoxsaylı cinayətlər törədilib. Bu cinayətlər Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilib. Bu gün hərbi əməliyyatların gedişi onu göstərir ki, Ermənistan Azərbaycana təcavüz həyata keçirir, mülki əhalinin öldürülməsi Ermənistanın məsuliyyətini təsbit edir. Bu günə qədər Ermənistan danışıqlar prosesinin formatını dəyişməyə çalışıb. Ermənistan bu gün hərbi təcavüz həyata keçirən tərəf kimi bütün cinayətlərə görə birbaşa məsuliyyət daşıyır.
Prezidentin köməkçisi deyib ki, işğal edilmiş ərazilərdə mədəni abidələrin, mədəni irsin qəsdən məhv edilməsi də müharibə cinayətləridir. İşğal edilmiş ərazilərimizdə bu günə qədər qanunsuz məskunlaşdırma siyasəti həyata keçirilir, amma buna zəruri adekvat reaksiya verilməyib. İşğal edilmiş ərazilərin qazanc məqsədilə istifadəsi də müharibə cinayətləridir. İşğal edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi əlaqələr də qurulub. Mineral yataqlar qanunsuz şəkildə istismar edilib və ölkədən kənara çıxarılıb. Bu qanunsuz iqtisadi əlaqələr nəticəsində hasil olunan maddi resurslar Ermənistanın bank hesablarına keçirilib.
Hikmət Hacıyev deyib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma aparıb. Yaxın Şərqdən olan erməni əsilli şəxslər işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırılıb. Bunların hər biri müharibə cinayətləri kimi təsnif edilməlidir. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışında işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma məsələsinə toxunub. Bildirib ki, cinayət əməllərində iştirakla bağlı Ermənistan rəhbərliyində olan insanlar məsuliyyət daşıyır. Azərbaycan məsuliyyət daşıyan şəxslərə qarşı fərdi məsuliyyət tədbirlərini davam etdirəcək. Eyni zamanda, beynəlxalq platformalarda da bunun qiymətinin verilməsi üçün addımlar atılacaq. Hər bir fakt üzrə Azərbaycanda konkret cinayət işi açılır.
Prezidentin köməkçisi, həmçinin bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdəki mədəni abidələrin, mədəni irsin qəsdən məhv edilməsi də müharibə cinayətləridir.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın Azərbaycana vurduğu ziyanın Prezident İlham Əliyevin tapşırığı ilə araşdırılması aparılacaq. Bu proses indiyədək də aparılırdı, sadəcə, səthi formada gedirdi. Torpaqlarımız işğaldan azad olunduqca, proses daha dəqiq formada aparılacaq.