Prezident Administrasiyası
Hikmət Hacıyev: Ermənistan dövlət səviyyəsində bu terror əməllərini bilərəkdən törədir
Oktyabrın 28-də ADA Universitetində səfirlər üçün keçirilən brifinqdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.
Hikmət Hacıyev deyib ki, Ermənistanın işğalçılıq siyasətinin məqsədlərindən biri də qəsdən Azərbaycan xalqının milli irsinin dağıdılmasıdır. Buna etnik və mədəni təmizləmə demək olar. Bunlar müharibə cinayətləridir və insanlıq əleyhinə atılan addımlardır. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən mədəni soyqırımı Azərbaycan mədəniyyətinə, ümumiyyətlə, dünya mədəniyyəti abidələrinə qarşı edilən hücumlardır. beynəlxalq humanitar hüquqda birmənalı olaraq silahlı münaqişələr zamanı mədəni irsin qorunması ilə bağlı konkret müddəalar var və Ermənistan tərəfindən bu müddəaların pozulmasının da şahidi oluruq. Ermənistan “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il tarixli Konvensiyanı və ona əlavə edilmiş Protokolu, digər müvafiq sənədləri kobud şəkildə pozur. Ümumiyyətlə, biz Ermənistan tərəfindən vandalizm hərəkətlərini görürük. Bununla yanaşı, Ermənistan tərəfindən insan hüquqlarının pozulmasını da müşahidə edirik.
Prezidentin köməkçisi deyib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc yaşayış məntəqələrinə hərbi təcavüzü davam edir. Ermənistan hərbi birləşmələri Azərbaycanın Gəncə şəhərində, Bərdə və digər rayonlarında dinc sakinləri atəşə tutur. Dünən Bərdəyə atılan raket nəticəsində biri uşaq olmaqla 4 nəfər həlak olub, 14 nəfər mülki şəxs yaralanıb. Bu gün Ermənistanın daha bir terrorunun şahidi olduq. Onlar Bərdədə dinc sakinləri yenidən atəşə tutublar. Əsasən şəhərin mərkəzinə raket zərbələri endirilib, ölən və yaralananlar var. Bu dünya bəşəriyyətinə qarşı atılan addımdır.
Hikmət Hacıyev bildirib ki, Ermənistan tərəfi, həmçinin dünyanın mədəni irsinə də təcavüz edir. Beynəlxalq humanitar hüququn normalarında da birmənalı olaraq mədəni irsin qorunmasına dair müddəalar var. Ermənistan bu müddəaları da pozur. Biz, ümumiyyətlə, mədəni irsə qəsdin şahidi oluruq. Ermənistanın davam edən təcavüzkarlığı insanlara dünyasını dəyişən qohumlarının məzarlarını ziyarət etməyə də imkan vermir. Qəbiristanlıqlar, qəbirüstü abidələr atəşə tutulur, dağıdılır. Ermənistan işğal olunan ərazilərdə də mədəni, dini abidələri məhv edib. Şuşadakı məscidin dağıdılması bunun bariz nümunəsidir. Müqəddəs məbədlərdə mal-qara saxlayan Ermənistan təkcə insanlara deyil, həm də mədəni irsə təcavüz edir. Münaqişə başlayandan indiyə kimi Azərbaycan UNESCO-nun mədəni abidələrinin qorunması müddəalarına əməl edir. Mədəni abidələrin qəsdən dağıdılması cinayətdir. Hazırda Azərbaycan Silahlı Qüvvələri sülhməramlı niyyətini həyata keçirir, sülhün bərqərar olunmasını istəyir. Ermənistan isə təcavüzünü davam etdirir. Füzuli, Cəbrayıl, Zəngilan və işğaldan azad olunmuş digər ərazilərdə biz bu faktların şahidi olmuşuq. Dini abidələrdə mal-qara saxlamaq da bir qəsddir.
Prezidentin köməkçisi bildirib ki, Gəncə şəhərindəki məbəd də Ermənistan tərəfindən dağıntıya məruz qalıb. Bunu təəssüf hissi ilə qeyd edirik və dünya ictimaiyyətinin diqqətinə çatdırırıq. Azərbaycan tərəfindən heç bir mədəni abidə dağıdılmayıb. Əksinə, həmin abidələrin qorunması üçün əlimizdən gələni əsirgəmirik. Əgər bu, davam edərsə, Ermənistan daha çox abidənin dağıdılmasına səbəb olacaq.
Prezidentin köməkçisi deyib ki, Ermənistanın beynəlxalq qanunla qadağan edilmiş kasetli bombalardan istifadə etməsi Azərbaycan xalqına qarşı növbəti soyqırımıdır. Kasetli bombalardan istifadə etməkdə Ermənistanın məqsədi daha çox dinc əhalini qətlə yetirməkdir. Ermənistan tərəfindən Bərdə şəhərinin kasetli bombalardan atəşə tutulması nəticəsində 19 nəfərin həlak olması və 60-a yaxın insanın yaralanması bu ölkənin vandalizminin və barbarlığının daha bir bariz nümunəsidir.
Ermənistan dövlət səviyyəsində bu terror əməllərini bilərəkdən həyata keçirir. Bu, birbaşa Paşinyan tərəfindən verilən cinayət əmridir. Biz Azərbaycan olaraq dinc əhalini atəşə tutmaqdan uzağıq. Biz ermənilərin cavabını döyüş meydanında veririk. Ermənilər düşünməsinlər ki, biz bundan zəifləyirik, iradəmiz qırılır, əksinə, biz daha da güclənirik.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan heç bir şəkildə mülki əhalini və obyektləri hədəfə almır. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan isə qisasını mülki insanlardan almağa çalışır. Lakin Ermənistan tərəfi bu hücumlarını davam etdirərsə, biz mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcəyik.