08
Oktyabr

8 Oktyabr

Dövlət obyektlərinə dəyən ziyan

Ermənilər təcili yardım maşınlarını da atəşə tutur

Cəbhə boyunca Azərbaycan Ordusuna məğlub olan Ermənistan silahlıları yaşayış məntəqələrini, mülki obyektləri, dinc sakinləri, hətta təcili tibbi yardım avtomobillərini atəşə tutmaqda davam edir.

Oktyabrın 4-də yaralıları daşıyan təcili tibbi yardım avtomobili Ağcabədi rayonunun Sarıcallı kəndi ərazisində düşmən artilleriyasının hücumuna məruz qalıb. Sürücü Əliyev Yasər Alik oğlu və həkim anestezioloq Babayev Tural Akif oğlu ağır bədən xəsarətləri alıblar.

Oktyabrın 6-da isə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisində yaralıları daşıyan təcili tibbi yardım avtomobili düşmənin atəşinə tuş gəlib. Hadisə nəticəsində feldşer Əhmədli Azər Eldar oğlu və sürücü Musayev Zəfər Həsən oğlu ağır bədən xəsarətləri alıblar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.