Prezident Administrasiyası
Prezidentin köməkçisi: Azərbaycan Silahlı Qüvvələri düşmənə döyüş meydanında layiqli cavab verir və bundan sonra da verəcək
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 27-də keçirilən brifinqdə çıxış edib.
"Ermənistan Ordusu humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini, mülki vətəndaşları atəşə tutulmaqda davam edir. Bu, onu göstərir ki, Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil."
Prezidentin köməkçisi deyib ki, Ermənistan Silahlı Qüvvələri bu gün Azərbaycanın Bərdə və Tərtər şəhərlərini “Smerç” raketindən atəşə tutub. Onların bu terror aktı nəticəsində biri uşaq olmaqla dörd mülki vətəndaş həlak olub, xeyli sayda insan yaralanıb. Ermənilər beynəlxalq qanunlara zidd olaraq Azərbaycan mülki əhalisinə qarşı kasetli bombalardan istifadə edirlər. Bu da mülki əhali arasında itkinin çox olmasına hesablanıb. Ermənistan Azərbaycanın hərbi qüvvələrinə zərbə endirməkdə acizdir, ona görə də mülki əhalini hədəf seçir.
Hikmət Hacıyev qeyd edib ki, bu gün Ermənistan Azərbaycanın Goranboy, Tərtər, Ağcabədi və Bərdə rayonlarına 50-yə qədər mərmi atıb. Ermənistanın hücumları nəticəsində indiyə qədər 69 mülki şəxs həyatını itirib, 322 mülki şəxs yaralanıb.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Ermənistanın mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etdiyi barədə Azərbaycan tərəfindən beynəlxalq humanitar təşkilatlara da müraciət edilib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan birtərəfli qaydada cəsədlərin qaytarılmasına razılıq verdiyi halda, Ermənistan tərəfi buna razılıq verməyib. Ermənistan tərəfi döyüş bölgəsində qalan hərbçilərinin cəsədlərinə sahib çıxmaqdan imtina edir.
Hikmət Hacıyev vurğulayıb ki, Ermənistandan fərqli olaraq, Azərbaycan mülki insanlara atəş açmır. Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəf seçməsi cinayət əməlidir. Azərbaycan Silahlı Qüvvələri düşmənə döyüş meydanında layiqli cavab verir və bundan sonra da verəcək.
Prezidentin köməkçisi, həmçinin bildirib ki, Ermənistan sərhəd zonalarında da təxribatlara əl atır. Sərhədin əks istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumlar həyata keçirilir. Bu da Azərbaycan Silahlı Qüvvələrini vadar edir ki, əks-həmlə tədbirləri həyata keçirsin. Ermənistan Azərbaycanın sərhədlərinə hörmət etməlidir.