03
Oktyabr

3 Oktyabr

Günahsız qurbanlar

Ermənistan silahlı qüvvələri Beyləqan şəhərini artilleriyadan atəşə tutub, iki bacı həlak olub

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

İşğalçı ölkənin silahlı qüvvələrinin Beyləqan şəhərinin müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 19 radələrində 1976-cı il təvəllüdlü şəhər sakinləri İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar.

Eyni zamanda şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən 1982-ci il təvəllüdlü şəhər sakinləri Balakişiyev Etibar Təvəkkül oğlu və 1969-cu il təvəllüdlü Bəşirova Sevda Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.