27
Sentyabr

27 Sentyabr

Sosial media

Alman tarixçi Azərbaycana dair Qərb ölkələrindəki stereotipləri tənqid etdi

Alman tarixçi, türkoloq, nəsimişünas alim Mixael Raynhard Hess özünün “Facebook” səhifəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair paylaşım edib.

Alim hadisələrə dair alman mətbuatının yanaşmasına istinad edib və burada köhnə klişelərdən istifadə olunduğunu vurğulayıb. Bu kontekstdə aparıcı “Spiegel” jurnalında münaqişəyə dair dərc olunmuş məqalədə “Ermənistan tərəfindən nəzarət olunan Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən müsəlman ölkəsi Azərbaycana məxsus olması” və “Azərbaycanın Dağlıq Qarabağa qarşı hərbi əməliyyata başlaması” cümlələrini təhlil edən M.Hess birincinin lüzumsuz yerə dini amili qabartdığını, ikincinin guya Dağlıq Qarabağın Azərbaycandan ayrı ərazi, Azərbaycanın isə ona hücum edən kənar aktor olması təəssüratı yaratdığını vurğulayır. Qeyd edir ki, belə ifadə Azərbaycan haqqında təcavüzkar obrazı yaradır, halbuki bu, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsini nəzərə alsaq absurddur. Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməsi daha düzgün ifadə olardı.

Müəllif alman mətbuatında oxşar ifadələrdən istifadə edilməsinin arxasında anti-müsəlman düşmən obrazının dayandığı fikrindədir. Bildirir ki, erməni tərəfi bu obrazı həmişə təşviq edir, bununla Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğalına və Xocalı qətliamı kimi müharibə cinayətlərinə xristian-müsəlman qarşıdurması donu geyindirməyə çalışır. Tarixçi alim Dağlıq Qarabağın əhalisinin əksəriyyətinin 1830-cu illərədək müsəlman olduğunu, bu demoqrafik vəziyyətin 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə sülhündən sonra ermənilərin bölgəyə köçürülməsi nəticəsində çar Rusiyasının işğal siyasətinin tərkib hissəsi olaraq dəyişdirildiyini bildirir.

M.Hess, həmçinin münaqişənin son 25 ildə həll olunmaması və indi yenidən qızışmasının səbəbi kimi qlobal siyasi sistemin böhranını görür. Bu sistemin işğalçı müharibələr, soyqırımı, işgəncə və qətliamların qarşısını ala biləcək mexanizmlərinin olmadığını, hazırda dünyanın I və II Dünya müharibələri ərəfəsindən yaxşı vəziyyətdə olmadığını qeyd edir. Eyni zamanda, dünyanın bu münaqişəyə uzun müddət biganə qaldığını vurğulayır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.