Prezident Administrasiyası
Prezidentin köməkçisi: Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq gərginliyi daha da artırır
Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı raketlərdən, o cümlədən “Smerç” raketlərindən istifadə edir. Siz Gəncə şəhərinə səfər edəndə Ermənistanın təxribatının şahidi oldunuz.
Bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 14-də xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan hazırda da atəşkəs rejimini kobud şəkildə pozaraq Ağdam, Tərtər, Goranboy və digər şəhərləri atəşə tutur, gərginliyi daha da artırır. Hazırda münaqişə öz ərazisindən kənara çıxır. Çünki Ermənistan münaqişə zonasından uzaqda yerləşən şəhərləri də atəşə tutur. Ermənistan öz ərazisindən Azərbaycanı atəşə tutur. Bu gün Ermənistan Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini vurmaq üçün raketləri hazır vəziyyətə gətirib. Biz Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün həmin raket komplekslərinin neytrallaşdırılması istiqamətində tədbirlər gördük. Azərbaycanın bu addımı beynəlxalq qanunlara uyğundur, çünki beynəlxalq hüquqa əsasən, təhlükəsizliyi təmin etmək üçün ölkəmiz təhlükə yaradan hərbi hədəfləri vurmaq hüququna malikdir. Ermənistan səhər saatlarında da Azərbaycanın mülki əhalisini vurmaq üçün raket komplekslərini hazır vəziyyətə gətirmişdi. Azərbaycan təhlükə mənbəyini neytrallaşdırmaq üçün beynəlxalq hüquqdan istifadə edərək tədbirlər görüb. Çünki biz bundan əvvəl gördük ki, Ermənistan mülki əhalini hədəf alır, xeyli sayda mülki insan həlak olur. Bu hadisənin təkrarlanmaması üçün Azərbaycan təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırıb.
Ermənistanın Moskva bəyanatından sonra yenə də Azərbaycanın yaşayış məntəqələrini, infrastruktur obyektlərini hədəf alması qəbuledilməzdir. Ermənistanın yenidən qoşun toplayaraq Azərbaycana qarşı hücumlara keçdiyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib ki, bu ölkə münaqişəni getdikcə daha da gərginləşdirir. Bu gün də Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutması nəticəsində infrastruktura ciddi ziyan dəyib, həlak olan və yaralananlar var. Ermənistan Azərbaycanın mülki əhalisini qətlə yetirməkdə davam edir. Azərbaycan bütün bunların qarşısını almaq üçün tədbirlər görmək məcburiyyətində qalır.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə hazırdır. Ancaq görünən odur ki, Ermənistan Moskva danışıqlarını pozaraq münaqişəni gərginləşdirir. Moskva Bəyannaməsində qeyd olunub ki, münaqişə sülh yolu ilə baza prinsipləri əsasında həll edilməlidir. Ermənistan bu şərtlərin heç birinə əməl etmir, təxribatlarını davam etdirir.
" Azərbaycan öz ərazilərini işğaldan azad edir."
Prezidentin köməkçisi münaqişənin həlli prinsiplərinin müəyyən edildiyini bildirib. O vurğulayıb ki, münaqişənin həlli prosesinə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsi ilə başlanıla bilər. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilə bilər.