Prezident Administrasiyası
Hikmət Hacıyev: Ermənistan bir tərəfdən sülh yalvarışları edir, digər tərəfdən alçaqcasına mülki şəxslərə qarşı terror aktı törədir
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə keçirilən brifinqdə çıxış edib.
Prezidentin köməkçisi bildirib ki, Ermənistan bir tərəfdən sülh yalvarışları edir, digər tərəfdən alçaqcasına mülki şəxslərə qarşı terror aktı törədir. biz ermənilərin bu addımını terror aktı kimi qiymətləndiririk. Onlar döyüş meydanındakı uğursuzluqlarını kompensasiya etmək üçün bu kimi şərəfsiz əməllərə əl atırlar.
Toplanmış materiallar həm prokurorluq, həm də Xarici İşlər Nazirliyinin xətti ilə müvafiq beynəlxalq təşkilatların da diqqətinə çatdırılacaq. Biz beynəlxalq ictimaiyyəti bu vəhşiliyi, bu vandalizm aktını qəti şəkildə pisləməyə çağırırıq.
Prezidentin köməkçisi deyib: “Beynəlxalq ictimaiyyəti baş vermiş bu hadisələrə adekvat cavab verməyə çağırırıq. Ermənistan tərəfindən törədilmiş cinayətlər hərbi və siyasi təxribat kimi qiymətləndirilməlidir."
Prezidentin köməkçisi deyib ki, düşmənin məqsədi mülki əhalini hədəfə alaraq əhali arasında təşviş və panika yaratmaqdır, lakin buna nail ola bilməyəcək. Düşmənin siyasi məqsədi üçüncü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycanı təhrik etməkdir ki, Silahlı Qüvvələrimiz tərəfindən Ermənistanın mülki məntəqələrinə zərbələr endirilsin və bundan Azərbaycana qarşı istifadə etsinlər
Ancaq Azərbaycan Silahlı Qüvvələri döyüş məkanında Azərbaycanın işğal olunmuş ərazilərində sülhə məcburetmə əməliyyatları çərçivəsində legitim hərbi obyektləri sıradan çıxarmaqdadır. Humanitar atəşkəs imzalansa da, Ermənistan öz riyakarlığını bir daha göstərdi və Gəncə şəhərinə hücum–terror aktı həyata keçirdilər. Biz bunu qəti şəkildə pisləyirik və vasitəçilik missiyasını həyata keçirən tərəflər – ATƏT-in Minsk qrupunun özü buna qiymət verilməlidir.