10
Oktyabr

10 Oktyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev: Ermənistan humanitar əsaslarla müəyyən olunmuş atəşkəs rejimini pozmaqda davam edir

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 10-da keçirilən mətbuat konfransında çıxış edib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam edir. Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri zamanı Minsk qrupunun həmsədrliyi və digər vasitəçilərin iştirakı ilə müvəqqəti atəşkəslə bağlı qəbul edilmiş bəyanatdan sonra da təmas xətti boyunca ermənilərin Azərbaycan silahlı Qüvvələrinin mövqelərinə və mülki azərbaycanlılarına qarşı hücumları davam etməkdədir.

Prezidentin köməkçisi deyib: “Bu, açıq şəkildə onu göstərir ki, Ermənistan tam şəkildə riyakar siyasət həyata keçirməkdədir və humanitar əsaslarla müəyyən olunmuş atəşkəs rejimini pozmaqda davam edir”.

Prezidentin köməkçisi bildirib ki, son proseslər göstərirdi ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyildi. Ermənistan status-kvonu qoruyub saxlamaq siyasətini yürüdürdü. Nikol Paşinyanın “Qarabağ Ermənistandır” deməsi danışıqlar prosesinə zərbə idi. Ermənistanda bəziləri özlərini hələ də qalib saymağa, işğalı davam etdirməyə çalışırdılar. Azərbaycanın əks-hücumu nəticəsində Ermənistanın illüziyaları darmadağın edildi. Ermənistan silahlı qüvvələrinə 10 gün ərzində böyük zərbə vuruldu. Ermənistanın ən döyüşkən hərbi hissələri darmadağın edildi. Ermənistan o hərbi sistemi, infrastrukturu 30 il ərzində formalaşdırmışdı. Ermənistanın hücumlarına yenə də cavablar verilir.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan bu əməliyyatla status-kvonu dəyişdirdi. Artıq Azərbaycan bir çox torpaqlarını geri qaytarıb. Təmas xətti yoxdur. Beynəlxalq çağırışlara uyğun olaraq atəşkəs rejimi bərpa olunub. Ancaq Ermənistan bu vəziyyətdən də sui-istifadə edərək Azərbaycana qarşı təxribatlarını davam etdirir.

Ermənistan Cəbrayılda, işğal olunmuş digər ərazilərdə süni məskunlaşdırma siyasəti aparırdı və Ermənistanın bu addımına reaksiya verilmirdi. Artıq indi təmas xətti anlayışı yoxdur. Ermənistan təmas xəttini guya qondarma rejimlə Azərbaycan arasında sərhəd anlayışı kimi təqdim etmək istəyirdi.

Sülhə məcburetmə əməliyyatının birinci mərhələsinin başa çatdığını qeyd edən Prezidentin köməkçisi bildirib: “Beynəlxalq ictimaiyyətin çağırışına cavab olaraq Ali Baş Komandanın tapşırığı ilə Xarici İşlər naziri Moskvada danışıqlarda iştirak etdi. Müvəqqəti atəşkəs Cenevrə Konvensiyasından da irəli gələn addımdır. Ancaq Ermənistan bundan da istifadə edir, atəşkəsi pozur və xarici jurnalistlər də yerlərdə bunu qeydə alırlar”.

Hikmət Hacıyev diqqətə çatdırıb ki, 10 gün ərzində Cəbrayıl şəhərinin və onun kəndlərinin, eyni zamanda, Dağlıq Qarabağda Hadrut yaşayış məntəqəsinin və ətraf kəndlərin işğaldan azad edilməsi Ermənistana böyük psixoloji zərbədir. Prezidentin köməkçisi, həmçinin vurğulayıb: “Münaqişələr tək hərbi deyil, hərbi-siyasi yolla da davam etdirilir. Əsgərlərimizin qazandığı uğurları diplomatik cəbhədə davam etdirməliyik. Hərbi qələbələrimizin davamı olaraq diplomatik-siyasi cəbhədə də üstünlüyümüz davam edir”.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın heç bir dövlətin ərazisinə iddiası yoxdur. Bizim məqsədimiz ərazi bütövlüyümüzü təmin etməkdir. Əgər Ermənistan humanitar əsaslarla olan bu atəşkəsin pozulması üçün təxribatları davam etdirəcəksə, Azərbaycan özünümüdafiə hüququndan istifadə etməklə cavab vermək məcburiyyətindədir. Azərbaycana müxtəlif təzyiqlər var və Prezident, Ali Baş Komandan İlham Əliyev bu təzyiqlərə mərd-mərdanə sinə gərməkdədir.

Prezidentin köməkçisi deyib: “Son bir il ərzində baş verən proseslər onu göstərirdi ki, Ermənistan azğınlaşmış və Azərbaycan ərazilərinin işğalını artıq bitmiş iş hesab edirdi. Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması da buna hesablanmışdı. İşğala əsaslanan status-kvo qalmaqda davam edirdi. Ermənistan bütün imkanlardan istifadə edib ərazilərin ilhaqını həyata keçirirdi. Ermənilərin heç zaman yaşamadığı Cəbrayıl rayonunda məskunlaşma aparılırdı. Ermənistanın təxribatına və mülki Azərbaycan əhalisini hədəfə almasına cavab olaraq keçirilən əks-həmlə əməliyyatı nəticəsində 10 günlük müddət ərzində Ermənistan silahlı qüvvələrinə ciddi zərbə vuruldu.

2016-cı ilin aprel döyüşlərində aldığı zərbəyə baxmayaraq, Ermənistanın siyasi-hərbi rəhbərliyi hələ də özünü qalib tərəf kimi göstərməyə çalışırdı.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi-strateji baxımdan Ermənistanın bu illüziyaları darmadağın edildi. On günlük hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələrinin əsas idarəetmə mərkəzləri, hərbi infrastrukturu, silah-sursat və maddi-texniki təchizat bazası, döyüş texnikası, bahalı radio-elektron və hava hücumundan müdafiə sistemləri və döyüşkən hərbi birləşmələri məhv edildi. Otuz illik dövr ərzində Ermənistan tərəfindən milyardlarla vəsait sərf olunaraq bu hərbi infrastruktur sistemi qurulmuşdu. Coğrafi baxımdan qismən kiçik bir ərazidə Ermənistan tərəfindən böyük həcmdə silah-sursat və hərbi texnika cəmləşdirilmişdi. Şərti olaraq desək, hər bir kvadratmetr ərazi atəş zərbəsi altındadır. Çoxlu sayda təbii maneələr vardır. Ermənistan bu torpaqları həmin dövrün reallığında 7-8 ilə işğal etmişdi. Qısa müddətdə Ermənistanın bu döyüş texnikasının böyük əksəriyyəti məhv edildi. Hərbi əməliyyatların gedişi Ermənistanın iqtisadiyyatına çox ciddi zərbədir. Uzunmüddətli dövr ərzində Ermənistanın siyasi-diplomatik, hərbi və iqtisadi baxımdan müqavimət əzmi sındırılır.

Hərbi baxımdan status-kvo dəyişdirildi. Artıq təmas xətti anlayışı yoxdur. Ermənistan təmas xəttini dövlət sərhədinə çevirməyə çalışırdı. Ermənistanın sülhə məcbur edilməsi istiqamətində həyata keçirilən əməliyyatın birinci mərhələsi uğurla başa çatdı. Cəbrayıl rayonu, çox böyük əhəmiyyətə malik olan Suqovuşan kəndi işğaldan azad edildi. Dağlıq Qarabağın inzibati ərazi vahidinə daxil olan Hadrut qəsəbəsi və ətraf kəndlər işğaldan azad edildi. Bütün bunlar həm də Ermənistana böyük psixoloji zərbədir”.

Hikmət Hacıyev qeyd edib ki, münaqişələr yalnız hərbi yolla deyil, eyni zamanda, siyasi-diplomatik vasitələrlə həll edilir. Ermənistan-Azərbaycanın münaqişəsinin Azərbaycanın maraqları əsasında həll edilməsi üçün hərbi-siyasi və diplomatik fəaliyyət səmərəli və düşünülmüş şəkildə aparılmalıdır.

Siyasi baxımdan Ermənistanın danışıqlar prosesində şərtləri diktə etməsi və işğalın nəticələrini siyasi vasitələrlə möhkəmləndirmək cəhdlərinin qarşısı alındı. Ermənistanın danışıqlar prosesinin formatını dəyişdirmək cəhdləri iflasa uğradı. Ermənistan baş naziri Azərbaycana şərt qoyurdu ki, qondarma rejim danışıqlar prosesində iştirak etməlidir.

Ermənistan xarici işlər naziri Azərbaycan xarici işlər naziri ilə birlikdə Moskvada danışıqlarda iştirak etməsi və humanitar atəşkəs barədə bəyanatı qəbul etməsi Ermənistanın münaqişə tərəfi kimi rolunun bir daha təsbit olunmasıdır. 1994-cü ilin atəşkəs haqqında sənədini Ermənistan həmişə öz bildiyi kimi təhrif edirdi.

Moskvada qəbul edilmiş bəyanatla humanitar əsaslarla müvəqqəti atəşkəs elan olunmuşdur. Hərbi əməliyyatların gedişində humanitar atəşkəsin elan olunması təcrübəsi vardır. Bu müddət ərzində döyüş meydanında həlak olan hərbi qulluqçuların cənazələri götürülür, yaralılara yardım göstərilir.

Atəşkəs, xüsusilə də humanitar atəşkəs sülh deyil və ola da bilməz. Humanitar atəşkəsin elan olunmasının ardınca dərhal mahiyyətli danışıqlar başlanmalıdır.

Humanitar əsaslarla atəşkəsin elan edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətləri boyunca atəşkəsin pozulması davam edir. Əgər Ermənistan işğaldan azad edilmiş ərazilərin yenidən işğal edilməsinə cəhd edərsə, yenə də öz layiqli cavabını alacaqdır.

Humanitar atəşkəsin ardınca dərhal mahiyyətli və nəticəli danışıqlar aparılmalıdır. Danışıqlar prosesinin yol xəritəsi hər kəsə məlumdur. Azərbaycan buna hazırdır. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin mandatından çıxış edərək Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır. Yaranmış vəziyyətin münaqişənin köklü həllinə və regionda davamlı sülhün təmin olunmasına doğru istiqamətləndirmək lazımdır.

Baş verənlər bir daha onu göstərir ki, vəziyyətin hər zaman gərginləşməsi baş verə bilər. Bütün resurslar işğal faktının və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına hədəflənməlidir. Bundan sonra regionda davamlı sülh təmin oluna bilər.

Münaqişələr yalnız hərbi yolla deyil, eyni zamanda, siyasi-diplomatik vasitələrlə həll edilir. Ermənistan-Azərbaycanın münaqişəsinin Azərbaycanın maraqları əsasında həll edilməsi üçün hərbi-siyasi və diplomatik fəaliyyət səmərəli və düşünülmüş şəkildə aparılmalıdır.

Prezidentin köməkçisi bildirib ki, siyasi baxımdan Ermənistanın danışıqlar prosesində şərtləri diktə etməsi və işğalın nəticələrini siyasi vasitələrlə möhkəmləndirmək cəhdlərinin qarşısı alındı. Ermənistanın danışıqlar prosesinin formatını dəyişdirmək cəhdləri iflasa uğradı. Ermənistan baş naziri Azərbaycana şərt qoyurdu ki, qondarma rejim danışıqlar prosesində iştirak etməlidir.

Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində proseslərin başlamasının ilk günündən yaxından iştirak etdiyini vurğulayan Prezidentin köməkçisi deyib ki, yaranmış indiki reallıqda biz qardaş Türkiyədən daha böyük əzmlə proseslərdə aktiv iştirak etməsini gözləyirik. Türkiyə regionda qonşu ölkədir. Cənubi Qafqaz regionunda baş verən gərginliklər Türkiyəni də ciddi narahat edir. Türkiyə bu regionda davamlı sülhün təmin edilməsində öz səylərini davam etdirir. İstər Minsk qrupu formatı, istərsə də Minsk qrupu formatını dəstəkləyəcək digər formatlar çərçivəsində qardaş Türkiyənin region dövləti və söz sahibi olan bir ölkə olaraq bu prosesdə yaxından iştirakı gözlənilir. Əminik ki, Türkiyə də bu prosesə əsaslı töhfəsini verəcək. Qardaş Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi artıq masadadır.

“Nəhayət, regionda davamlı sülh və təhlükəsizlik təmin olunsun. O mənada ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə çıxsın. Bu, bütün region dövlətlərinin marağında olan məsələdir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi barədə reallığı anlamalıdır. Təəssüf ki, bu günə qədər bunu anlamır”, - deyə Prezidentin köməkçisi qeyd edib.

 

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.