07
Noyabr

7 Noyabr

Xarici İşlər Nazirliyi

Ermənistanın vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirərək dinc insanları atəşə tutmasını şiddətlə qınayırıq

Noyabrın 7-də Azərbaycanın cəbhə zonasından kənarda yerləşən Bərdə rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutulub.

Mövcud humanitar atəşkəsi kobud şəkildə pozan Ermənistan dinc azərbaycanlı əhalini hədəfə almaqla beynəlxalq humanitar hüququ və öz öhdəliklərini heçə sayaraq cinayət əməllərini davam etdirir.

Bu gün Bərdə rayonunun Yeni Əyricə kəndində fərdi yaşayış̧ evinə mərmi düşməsi nəticəsində 1 mülki şəxs - 16 yaşlı yeniyetmə həlak olub. Beləliklə, sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı başlatdığı yeni hərbi təxribatları nəticəsində həlak olan azərbaycanlı mülki şəxslərin sayı 93-ə çatıb.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq və beynəlxalq vasitəçilərin davamlı səylərinə hörmətsizlik nümayiş etdirərək təcavüz siyasətini davam etdirməsini və dinc insanları atəşə tutmasını şiddətlə qınayırıq. Ermənistandan beynəlxalq ictimaiyyətin, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, silahlı qüvvələrinin Azərbaycanın hələ də işğal altında olan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmasını tələb edirik. Bölgədə dayanıqlı sülh təmin olunması üçün vacib şərt işğal faktının aradan qaldırılması və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasından ibarətdir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.