08
Noyabr

8 Noyabr

Zəfər günü

Şuşanın işğaldan azad olunması İğdırda bayram sevinci yaradıb

Azərbaycanın qədim Şuşa şəhərinin 28 illik amansız işğaldan sonra düşməndən azad olunması münasibətilə Türkiyənin İğdır şəhərində zəfər aksiyası keçirilib.

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının İğdır Azərbaycan Evi Dərnəyinin təşkilatçılığı ilə iki qardaş ölkənin dövlət bayrağı ilə bəzədilmiş maşın karvanı həmrəylik rəmzi olaraq şəhərin mərkəzi küçələri ilə şütüyüb.

Aksiya iştirakçıları İğdırın Bələdiyyə meydanında “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”, “Şuşa zəfəri mənəvi birliyimizin təntənəsidir” və s. kimi şüarlar səsləndiriblər.

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal bildirib ki, Müzəffər Ordumuzun hər bir zəfər xəbərinin Azərbaycandakı sevinci Türkiyədə əks-səda verir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.