08
Noyabr

8 Noyabr

Zəfər günü

Füzulililər Şuşanın azad olunmasını böyük coşqu ilə qeyd ediblər

Noyabrın 8-də Füzuli rayonunda Azərbaycan Ordusunun əldə etdiyi zəfər, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi ilə bağlı yürüş-aksiya keçirilib.

Avtomobil karvanı rayonun girişindən Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısınadək hərəkət edib. Əlində Azərbaycan bayrağı tutmuş füzulililər bir-birini təbrik edib, zəfər sevincini bölüşüblər. Heydər Əliyev Mərkəzinin qarşısındakı aksiyada iştirakçılar "Qarabağ Azərbaycandır", "İlhamla irəli, Azərbaycan əsgəri", "Yaşasın Azərbaycan ordusu", "Şəhidlər ölməz, Vətən bölünməz" kimi şüarlar səsləndiriblər. Füzuli Dövlət Dram Teatrının aktyorlarının təqdimatında kompozisiya nümayiş olunub.

Müxbirimiz rayon sakinlərinin fikrini öyrənib. Mirmehdi İbişov deyib: "Sevincimin həddi-hüdudu yoxdur. Dünyanın bütün dillərindəki sözləri bir yerə toplasan hisslərimi ifadə edə bilməz. Mən Müzəffər Ali Baş Komandana təşəkkürümü bildirirəm. Azərbaycan ordusunun qarşısında baş əyirəm. Şəhid analarının əlindən öpürəm. Vətən uğrunda döyüşlərdə yaralananlara şəfa diləyirəm. Azərbaycan xalqı, gözün aydın. Qarabağ Azərbaycandır".

Həsən Rzayev: "Bu gün bizim üçrəngli bayrağımız Azərbaycanın gözü olan Şuşada dalğalanır. Xalqımızı təbrik edirəm. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu qarşısında baş əyirəm. Müzəffər Ali Baş komandana minnətdarlığımı bildirirəm. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Yaşasın Azərbaycan. Yaşasın Azərbaycan Ordusu".

Cəmilə Qənbərova: "Gözün aydın Vətən. Gözün aydın Azərbaycan. Ruhunuz şad olsun şəhidlər. Ürəyiniz rahat olsun şəhid anaları. 28 il idi Şuşamızın həsrətində idik. Bu gün bu həsrət sona çatır. İndi Qarabağ bizim qürur yerimizdir".

Məmməd Əliyev: "Bu gün xalqımız üçün çox əhəmiyyətli bir gündür. Bu günü bizə bəxş etdiyinə görə Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyevə, Şanlı Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm. Əminəm ki, tezliklə işğal altında olan digər torpaqlarımızın da azad olunması sevincini yaşayacağıq".

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.