Zəfər günü
Yevlaxlılar Şuşanın azad olunmasını böyük sevinc və qürur hissi ilə qeyd ediblər
Azərbaycan Ordusunun qədim Şuşa şəhərini işğaldan azad etməsi ölkəmizin hər yerində olduğu kimi Yevlaxda da sevinc və qürur hissi ilə qeyd edilib.
Noyabrın 8-də Yevlax şəhərində Azərbaycan Ordusunun əldə etdiyi zəfər, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi ilə bağlı yürüş-aksiya keçirilib. Yevlaxlılar əllərində Azərbaycan bayrağı şəhərin prospekt və küçələrinə axışaraq Şuşa zəfərinin sevincini paylaşıblar. Yürüş iştirakçıları "Qarabağ!", "Qarabağ bizimdir, bizim olacaq!", "Qarabağ Azərbaycandır!", "Yaşasın Ali Baş Komandan!", "Yaşasın Azərbaycan ordusu!" kimi şüarlar səsləndiriblər.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.