Könüllülük
Könüllülər informasiya müharibəsinə dəstəyi və zərərçəkənlərə yardımı davam etdirirlər
Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) fəaliyyət strategiyasına dair qurumun katibliyi və üzv təşkilatların rəhbər şəxsləri ilə iclas keçirilib.
İclas zamanı müharibə şəraitində dövlət tərəfindən görülən tədbirlərə dəstək məqsədilə AKTİ-nin oktyabr ayı ərzində həyata keçirilmiş layihə və tədbirləri nəzərdən keçirilib. Könüllülərin “Mətbuat səngəri” layihəsinin icrası ilə əlaqədar olaraq, informasiya müharibəsində və düşmən hücumlarından zərər çəkən vətəndaşlarımıza dəstək məqsədilə başladıqları “Birlikdə dəstək” adlı humanitar aksiya çərçivəsində aktiv fəaliyyətləri müzakirə edilib. Eyni zamanda, üzv təşkilatlar tərəfindən irəli sürülən təkliflərə dair müzakirə aparılaraq 2020-2022-ci il üzrə fəaliyyət strategiyası qəbul olunub.
İclasda AKTİ-nin baş katibi vəzifəsi üzrə açıq səsvermə keçirilib və idarə heyətinin yekdil qərarı ilə “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova həmin vəzifəyə təyin olunub.
Xatırladaq ki, ölkəmizdə könüllülük hərəkatının daha geniş vüsət alması məqsədilə 2020-ci il avqustun 22-də AKTİ-nin təsis konfransı keçirilib. İttifaqın üzvləri “ASAN Könüllüləri” Təşkilatı, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran-Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Diplomatiya Könüllüləri” Qrupu, “Gənc Könüllülər” Hərəkatı, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Ədliyyə Könüllüləri” İctimai Birliyi, “Könüllü Qida Nəzarətçisi” proqramıdır.