04
Noyabr

4 Noyabr

Orduya dəstək

Lənkəran teatrının direktoru: Ən böyük arzumuz Şuşa şəhərində tamaşalarla çıxış etməkdir

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun mənfur düşmənlərimiz olan ermənilərlə Vətən müharibəsində cəbhə xəttinin bütün istiqamətlərində qazandığı uğurlar, qələbələr xalqımızın böyük ruh yüksəkliyinə səbəb olub. Ölkəmizin vətəndaşları əmindirlər ki, Şuşada, Xankəndidə üçrəngli Azərbaycan bayrağının dalğalanacağı gün çox da uzaqda deyil.

Bu sözləri Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov söyləyib.

Haqq-ədalət savaşında uduzduğunu görən düşmənin tamamilə azğınlaşdığını, insani keyfiyyətlərini itirdiyini vurğulayan T.Heydərov qüdrətli ordumuzun hücumları qarşısında aciz qalan ermənilərin dinc sakinlərimizi ardıcıl raket atəşinə tutmaqla özlərinin əsl xislətlərini, vəhşiliklərini nümayiş etdirdiyini diqqətə çatdırıb: “Lakin bu cəhdlər xalqımızın iradəsini əsla sındıra bilməz. Bizdə elə böyük ruh yüksəkliyi yaranıb ki, düşmənin yaratdığı dağıntılar, yaydığı yalan informasiyalar zərrə qədər nikbinliyimizə xələl gətirə bilməz. Sülhsevər dövlətimiz uzun illərdən bəri münaqişənin həlli üçün danışıqlar aparsa da, beynəlxalq qurumlara rəsmi müraciətlər etsə də, bunun heç bir faydası olmadı. Atəşkəs rejiminin tez-tez pozulması, dinc sakinlərimizin, əsgərlərimizin düşmən gülləsinə tuş gəlməsi, sərhəd postlarımızın atəşə tutulması və son nəticədə Aprel döyüşləri, Tovuz hadisələri Azərbaycan dövlətinin səbrini daşırdı, müharibə üçün əsaslı zəmin yaratdı”.

Bu günlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi hər bir sözün, ifadənin xalqımızın dilində şüara çevrildiyini söyləyən teatrın direktoru, Vətənə olan sevgi hissimizin coşub-daşdığını, hamımızın silaha sarılaraq cəbhəyə gedib yağı düşmənlə vuruşmaq təşnəsində olduğunu bildirib: “Ölkəmizin bütün bölgələrində olduğu kimi, Lənkəranda da dövlət və yaşayış binaları üçrəngli bayraqlarla bəzənib, insanlarımız xoş xəbərə sevinir, “Qarabağ bizimdir!” “Qarabağ Azərbaycandır!” şüarı dillər əzbəri olub. Bütün bunlar isə adamda böyük fəxarət hissi oyadır. Bu gün yaradıcı kollektivimizin ən böyük arzusu Şuşa şəhərinə qastrol səfərinə gedib tamaşalarla çıxış etməkdir. Ümid edirik ki, rəşadətli ordumuzun səyləri ilə tez bir zamanda bu arzuya çatacağıq”,- deyə T.Heydərov fikrini tamamlayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.