04
Noyabr

4 Noyabr

Orduya dəstək

Azərbaycan diasporu Ordumuza və mülki əhaliyə yardım göndərir

Şanlı Ordumuzun maddi-texniki və digər təchizatının yüksək səviyyədə təmin olunmasına baxmayaraq, xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları Silahlı Qüvvələrimizə və mülki əhalimizə dəstəyi özlərinə mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Almaniya Federativ Respublikasında yaşayan azərbaycanlı həkimlər və ayrı-ayrı diaspor üzvləri hərbi geyim və tibbi ləvazimatları, Türkiyədəki Gənc Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə bu ölkədə yaşayan, işləyən və təhsil alan azərbaycanlılar müxtəlif zəruri məhsullardan ibarət 2,3 ton humanitar yardımı, Ukrayna Azərbaycanlıları Konqresi 10 ədəd əlil arabasını Komitəyə göndəriblər.

Bundan başqa, Rusiya Federasiyasında fəaliyyət göstərən “Azərbaycan-Ural” Sverdlovsk Azərbaycanlılarının İctimai Təşkilatı bu diyarda yaşayan azərbaycanlıların adından 2 ədəd Dermatom cərrahi aparatını və onun əlavə ehtiyat hissələrindən ibarət dəsti Komitəyə çatdırıb.

Bununla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar şəhid ailələrinə yardım və digər məqsədlər üçün Azərbaycan Diasporuna Dəstək Fonduna yüz minlərlə manat ianə köçürüblər.

Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızdan gələn yardımları ehtiyacı olan insanlara çatdırılması üçün aidiyyəti qurumlara təhvil verib.

Azərbaycan diasporunun Ordumuza, cəbhəyanı zonada yaşayan mülki əhaliyə, erməni terrorundan zərər çəkənlərə yardımları davam edir və Komitəyə hər gün bu məqsədlə yüzlərlə müraciət daxil olur.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.