Orduya dəstək
Xarici tələbələr Azərbaycana dəstək məqsədilə videoçarx hazırlayıblar
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkələrdə tədris etdiyi “Azərbaycan multikulturalizmi” fənninin dinləyiciləri olmuş tələbələr Azərbaycanın Qarabağda ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəklədiklərini vurğulayan videoçarx hazırlayıblar. Eyni zamanda, “Azərbaycanın gənc dostları” qrupunun üzvləri olan ABŞ, Kamerun, Portuqaliya, Xorvatiya, Almaniya, Estoniya, Ukrayna və Qırğızıstanı təmsil edən gənclər Ermənistanın Azərbaycanın münaqişə zonasından xeyli uzaqda yerləşən yaşayış məntəqələrinə, mülki əhaliyə qarşı beynəlxalq təşkilatlar tərəfindən qadağan olunmuş ballistik raket və kasetli bombalar vasitəsilə edilən hücumları qətiyyətlə pisləyirlər.
Mərkəzin mətbuat xidmətindən bildiriblər ki, videoçarxda bildirilir: “Ermənistan rəhbərliyinin dəhşətli terror aktları beynəlxalq birlik tərəfindən pislənilməlidir və bu faciəli vəziyyətdə susmaq doğru deyil. Beynəlxalq ictimaiyyət Ermənistanı Azərbaycanın mülki əhalisinə qarşı törətdikləri vəhşiliklərə və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasına görə məsuliyyətə cəlb etməlidir. Ermənistan və onun faşist rəhbərliyi dayandırılmalıdır. Gəncə şəhərinə bu yaxınlarda raket hücumu göstərir ki, Ermənistan regionda sülhə can atmır. Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ və ətraf yeddi rayon əzəli Azərbaycan əraziləridir. Azərbaycan əsl sülhsevər ölkə nümunəsidir. Biz Azərbaycanda olmuşuq, bu multikultural ölkəni yaxşı tanıyırıq və bilirik ki, azərbaycanlılar həm də çox qonaqpərvərdirlər. Azərbaycan üçün dəstək məqsədilə bu videonu paylaşmağımız çox vacibdir. Biz öz mövqeyimizi göstərməliyik. Ona görə də biz hamını bu fləşmoba qoşulmağa və hamını beynəlxalq hüququn, ədalət və həqiqətin tərəfində olmağa çağıran videoçarxları yaymağa dəvət edirik. Azərbaycana sülh və əmin-amanlıq arzulayırıq. Biz Azərbaycanı dəstəkləyirik və qəti şəkildə bildiririk ki, Qarabağ Azərbaycandır!”.