02
Noyabr

2 Noyabr

Orduya dəstək

Nar festivalı: Göyçaydan Qarabağa!

Noyabrın 1-də Göyçay rayonunda hər il təşkil olunan ənənəvi Nar festivalı bu il fərqli formatda keçirilib.

“Göyçaydan Qarabağa!” adlı tədbirdə Göyçayın simvolu olan meyvələrin şahı narla yüklənən karvan ön xəttə olan cəbhə bölgəsində hərbçilərimizə göndərilib.

XV Nar festivalını - "Göyçaydan Qarabağa!" adlı tədbiri açan rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə sentyabrın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində qazandığı uğurlardan danışıb. Bildirilib ki, dövlət başçısının uğurlu daxili və xarici siyasətinin nəticəsi olaraq bu gün tarixi, əbədi və əzəli torpaqlarımızın xeyli hissəsi azad olunub. Xalqımız "Biz birlikdə güclüyük" şüarı ətrafında sıx birləşərək Böyük Qələbə gününün heç də uzaqda olmadığına inanır.

Tədbirin açılışında bu il keçirilən Nar festivalının cəbhə bölgəsində olan əsgərlərimizə nar karvanının yola salınması ilə əvəz olunacağı bildirilib, rayon sakinlərinin bu tədbiri böyük razılıqla qarşıladığı diqqətə çatdırılıb. Göyçaydan Qarabağa nar karvanının yola salınmasının XV Nar festivalı kimi yadda qalacağı vurğulanıb.

Sonda avtomobil karvanı alqış və cəngi sədaları ilə cəbhə bölgəsinə yola salınıb.

Tədbir pandemiya şəraitinin qaydalarına uyğun olaraq keçirilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.