31
Oktyabr

31 Oktyabr

Orduya dəstək

Lənkəran Dövlət Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Lənkəran Dövlət Dram Teatrının kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna müəyyən məbləğdə ianə edib.

Bu barədə məlumat verən teatrın direktoru Tofiq Heydərov bildirib ki, rəşadətli Azərbaycan Ordusunun respublikamızın ərazi bütövlüyünün bərpası və tarixi ədalətin bərqərar edilməsi uğrunda apardığı mübarizə hər bir ölkə vətəndaşı kimi, lənkəranlı sənətçilərin də sevincinə və ruh coşğunluğuna səbəb olub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən zəfər yürüşləri, hər gün onlarla yaşayış məntəqələrimizin düşməndən təmizlənməsi əminlik yaradır ki, üçrəngli Azərbaycan bayrağımız tezliklə Şuşada, Xankəndində dalğalanacaq.

“Ordumuza dəstək olmaqdan ötrü bizim kollektiv də Silahlı Qüvvələrə Yardım Fonduna imkan daxilində vəsait köçürməyi özünün mənəvi borcu sayır. Çalışacağıq ki, bundan sonra da bu fonda pul vəsaiti köçürək. Bu gün hamılıqla bircə istəyimiz var - azad olunmuş Şuşa şəhərinə qastrol səfərinə getməklə orada tamaşa oynamaq!”, - deyə T.Heydərov bildirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.