23
Oktyabr

23 Oktyabr

Orduya dəstək

“Azərsu” “Əsgərə məktub” layihəsinə qoşulub

“Azərsu” ASC-nin kollektivi Ordumuzun döyüş əzminin daha da artırılması və hərbi qulluqçulara mənəvi dəstək məqsədilə “ASAN Könüllüləri” Təşkilatının keçirdiyi “Əsgərə məktub” layihəsinə qoşulub.

ASC-dən bildirilib ki, “Qarabağda zəfər çalır Ordumuz, su çilərik, cana gələr yurdumuz!” devizi ilə yazılan əsgər məktublarında Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı döyüşlərdən fəxrlə bəhs edilib. Qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə qazandığı zəfərlər böyük ruh yüksəkliyi ilə qarşılanır. Ərazilərimizin işğaldan azad edilməsi barədə cəbhədən gələn xoş xəbərlər qələbə gününün uzaqda olmadığından xəbər verir.

Məktublarda müzəffər ordumuzun tezliklə üçrəngli bayrağımızı işğal olunmuş ərazilərimizin hər bir guşəsində dalğalandıracağına ümidlər ifadə olunub. Cəmiyyətin əməkdaşları azğın düşmənə qarşı göstərdikləri şücaətə görə əsgərlərimizə minnətdarlıqlarını bildiriblər.

Vətəndaşlarımızın döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanladıqları məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və belə tədbirlər xalq-Ordu birliyinin təcəssümü kimi ifadə olunur.

Qarabağ Azərbaycandır!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.