23
Oktyabr

23 Oktyabr

Orduya dəstək

Əliyevlər ailəsi: Zəngilana qayıdacağımız günü səbirsizliklə gözləyirik 

Azərbaycan Ordusunun əks-hücum həmləsi ilə Zəngilan şəhərinin işğaldan azad olunması ölkəmizin müxtəlif bölgələrdə məskunlaşmış zəngilanlıların uzun müddətdən bəri yaşadıqları həsrətə son qoyub.

Qələbəni böyük sevinclə qarşılayanlar arasında Cəlilabad rayonunun Ocaqlı kəndində müvəqqəti məskunlaşmış Zəngilandan olan Əliyevlər ailəsi də var.

Əliyevlər ailəsi də digər zəngilanlılar kimi 27 ildir ki, öz el-obalarının həsrətində idilər. Oktyabrın 21-də bir çox yaşayış məntəqələrimiz kimi, Zəngilan rayonunun Mincivan qəsəbəsinin azad edilməsi bu ailənin də böyük sevincinə səbəb oldu.

Əslən Zəngilan şəhərinin Mincivan qəsəbəsindən olan İlyas Əliyev gənclik dövründən məcburi köçkün olana qədər dəmir yolu stansiyasında çalışıb. O, doğma yurd-yuvasını tərk edəndə 38 yaşı vardı.

27 illik həsrət İlyas Əliyevi yaşlandırsa da, Zəngilanın işğaldan azad edilməsini eşitməsi onu ruhən elə 38 yaşındakı çağlara qaytarıb. Zəngilansız keçən illərdə isə doğma yurdu haqqında əldə etdiyi kitabları bir-bir oxumaq onun yeganə təsəllisi olub: “Zəngilansız keçən günlərdə doğma yurdumun nəfəsini mənə isidən kitabları da özümlə aparacağam. Bu kitablar həsrətli günlərdə mənim sirdaşım olub.”

Ailənin xanımı Zeynəb Əliyevanın Zəngilanla bağlı təsəllisi isə 27 il əvvəl bağlayıb gəldiyi evin açarıdır. “27 il ərzində müqəddəs bir əşya kimi qoruduğum açarlar indi təkcə bir evin deyil, böyük ümidlərin açarıdır”, - deyə Zeynəb xanım sevincini bizimlə bölüşüb.

Hazırda Cəlilabadın Ocaqlı kəndində uşaq bağçasında məskunlaşmış Əliyevlər ailəsi Zəngilana qayıdış gününü səbirsizliklə gözləyirlər...

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.