22
Oktyabr

22 Oktyabr

Orduya dəstək

Naxçıvanda “Qarabağ Azərbaycandır!” şüarı altında onlayn aksiyada 550-dək gənc iştirak edib

Naxçıvanda “Qarabağ Azərbaycandır!” şüarı altında onlayn aksiya keçirilib. Aksiyada, ümumilikdə, 549 nəfər gənc iştirak edib.

Aksiya zamanı Azərbaycan Respublikasında fəaliyyət göstərən 45 xarici ölkənin səfirliyinin elektron poçt ünvanına öncədən rus və ingilis dilində hazırlanıb, düşmənin təcavüzkar siyasətini əks etdirən məlumatlar və fotolar göndərilib.

Aksiyanın keçirilməsində əsas məqsəd Ermənistan ordusunun ağır müharibə cinayəti törədərək yaşayış məntəqələrimizi atəşə tutması, xüsusilə, ermənilər tərəfindən Gəncədə törədilən qətliam barədə dünya dövlətlərinə məlumat verməkdən ibarətdir.

Göndərilən məlumatlarda bildirilib ki, ermənilər döyüş bölgəsindən yüzlərlə kilometr məsafədə yerləşən Gəncəni, Mingəçeviri, Xızını, Ordubadı, Abşeronu raket atəşinə tutur, dinc sakinlərə qarşı apardığı soyqırımı siyasətini davam etdirirlər. Ümumilikdə, sentyabrın 27-dən bu günə qədər Ermənistan ordusunun hücumları nəticəsində 60-dan çox mülki şəxs qətlə yetirilib, 280-dən çox insan isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 341, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1846-a çatıb. Erməni faşizminin təzahürü olaraq bu rəqəmlər hər gün, hər saat dəyişir.

Qeyd edək ki, “Naxçıvan Xəbərləri” Media Qrupunun təşkilatçılığı ilə keçirilən aksiyada Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun, Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, “Şərq qapısı” qəzetinin, “Şərqin səhəri” qəzetinin, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və digər təşkilatların əməkdaşları, tələbələri və könüllü gənclər iştirak ediblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.