22
Oktyabr

22 Oktyabr

Orduya dəstək

Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir 

Döyüşlərdə iştirak edən hərbi qulluqçuların qələbə əzmini yüksəltmək məqsədilə Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Mərkəz tərəfindən yaradılan təbliğat-təşviqat qruplarının şəxsi heyət qarşısında çıxışları təşkil olunur və konsert proqramları təqdim edilir.

Bundan əlavə, ümummilli lider Heydər Əliyevin və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordumuz haqqında çıxışları, hərbi vətənpərvərlik mahnıları, eləcə də döyüşlər barədə operativ məlumatlar səsgücləndirici maşınlar vasitəsilə cəbhəboyu zonadakı yaşayış məntəqələrində səsləndirilir, vətənpərvərlik mövzusunda bədii və sənədli filmlər nümayiş olunur.

Bu tədbirlər döyüşən əsgər və zabitlərin mənəvi-psixoloji durumuna müsbət təsir göstərir, qələbə əzmini, döyüş ruhunu daha da artırır, mülki əhali tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.