21
Oktyabr

21 Oktyabr

Orduya dəstək

82 yaşlı Nəzihə nənə: Kəndimizə, Qarakollumuza qayıtmaq istəyirəm

Otuz ilə yaxındır ki, bir milyondan çox qaçın və məcburi köçkün soydaşımız öz torpaqlarından, yurd yerlərindən ayrı düşüb. Respublikamızın bölgələrinə səpələnən məcburi köçkün ailələrindən biri də vaxtilə Füzulinin Qarakollu kəndindən didərgin düşən Hüseynovlar ailəsidir.

Sentyabrın 27-dən başlayaraq düşmənin təxribatına layiqli cavab verən Azərbaycan əsgərinin zəfər xəbərlərinə ən çox sevinənlərdən biri də məhz bu ailədir. Artıq digər yaşayış məntəqələrimiz kimi, bu kəndimiz də yağı düşməndən təmizlənib. Belə ki, oktyabrın 14-də Xocavəndin Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri ilə yanaşı, Füzulinin Qaradağlı, Xatunbulaq və Qarakollu kəndləri də düşmən tapdağından azad olunub.

İmişlidəki məcburi köçkün qəsəbəsində məskunlaşan Hüseynovlar ordumuzun qələbəsini, azad edilən kəndlərimizin xəbərini sevinc göz yaşları ilə qarşılayıblar. Füzulidən olan həmvətənlərimiz doğma torpaqlarına qayıtmaq üçün səbirsizlənirlər.

Ailənin ağbirçəyi, 82 yaşlı Nəzihə Hüseynova sevinc hisslərini bölüşərək deyib: “Kəndimizə, Qarakollumuza qayıtmaq istəyirəm. Torpağımızın işğaldan azad edilməsinə çox sevinirəm. Uzun illərin həsrəti idi. Bu sevinci bizə bəxş edən Prezidentimə və orduma minnətdaram. Kəndimizin azad olunması xəbərini eşidəndə sevincimizin həddi-hüdudu olmadı. Mənim 82 yaşım var, ən böyük arzum öz doğma torpağımı görməkdir”.

Sevinc hisslərini bölüşənlər arasında Qarakollu kəndinin şairi Famil Əhmədov da var. “Bu sevinci sözlə ifadə etmək çox çətindir. 27 il ata-baba yurdumuza qayıtmaq arzusu ilə yaşamışıq. Nəhayət o günü görmək bizə qismət oldu. Mən ordumuza minnətdaram, Ali Baş Komandanımıza minnətdaram. İnanırıq ki, bütün torpaqlarımız azad ediləcək və şanlı bayrağımız Şuşada dalğalanacaq”, - deyə o qeyd edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.