17
Oktyabr

17 Oktyabr

Xarici İşlər Nazirliyi

Ermənistan silahlı qüvvələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutması ilə bağlı bəyanat

2020-ci il oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub; 12 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 40-dan çox insan ciddi yaralanıb.

Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır.

Ermənistanın davam edən təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dayandırılmalıdır və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı olan bu qeyri-insani aktlarına göz yummamalıdır.

Ermənistanın Azərbaycan mülki əhalisini hədəf alan bu mənfur hücumlarını şiddətlə qınayırıq və işğalçı ölkədən müharibə cinayətlərinə son verməyi tələb edirik.

Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiklərinə görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası bəyan edir ki, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi təmin ediləcək.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.