11
October

11 Oktyabr

Xarici İşlər Nazirliyi

Fransalı həmsədr Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırılıb

Oktyabrın 11-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı olub.

Nazir Ceyhun Bayramov azərbaycanlı mülki şəxslərin və obyektlərin humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra da Ermənistan tərəfindən qəsdən atəşə tutulduğu barədə qarşı tərəfi məlumatlandırıb. Nazir humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələrinin cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində etdiyi hücum cəhdi, erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və təmas xəttindən uzaq yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasını, nəticədə mülki insanların həlak olduğu və yaralandığını qarşı tərəfin diqqətinə çatdırıb

Nazir bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu vurğulayıb.

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti yaranmış vəziyyətdən təəssüf hissi keçirdiyini bildirib, atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb. Tərəfləri əldə olunmuş Moskva razılaşmasının şərtlərinə riayət etməyə çağıran fransalı həmsədr ən qısa zamanda tərəflərin siyasi dialoqa qayıtması üçün təkliflərlə çıxış edəcəklərini bildirib.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.