11
October

11 Oktyabr

Xarici İşlər Nazirliyi

Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Oktyabrın 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər naziri Faysal bin Ferhan Al Saud arasında telefon danışığı olub.

Nazir Faysal bin Ferhan Al Saud bölgədə mövcud olan gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib.

Nazir Ceyhun Bayramov həmkarına bölgədəki son gərginliklə bağlı, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması barədə məlumat verib. Humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttindən uzaq yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qaldığı və bu hücum nəticəsində 9 mülki şəxsin həlak olduğu, o cümlədən aralarında azyaşlı uşaqlar olmaqla, 34 nəfərin yaralandığı diqqətə çatdırılıb.

Nazir Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli şəkildə atəşə tutmasının ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymamasının bariz nümunəsi olduğunu bildirib.

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha ifadə edib. O, münaqişənin siyasi yolla həll edilməsinin vacibliyini bildirib.

Nazir Ceyhun Bayramov, öz növbəsində regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.