11
October

11 Oktyabr

Xarici İşlər Nazirliyi

Azərbaycanın Xarici İşlər naziri ilə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri arasında telefon danışığı olub

Oktyabrın 11-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer arasında telefon danışığı olub.

Nazir Ceyhun Bayramov azərbaycanlı mülki şəxslərin və obyektlərin humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra da Ermənistan tərəfindən qəsdən atəşə tutulması barədə qarşı tərəfi məlumatlandırıb. Nazir humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələrinin cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində etdiyi hücum cəhdi, erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və təmas xəttindən uzaq yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasını diqqətə çatdırıb. Mülki əhali arasında həyatını itirən və yaralanan şəxslər barədə qarşı tərəfə məlumat verilib.

Nazir bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu bildirib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer bölgədəki gərginliyin humanitar atəşkəsin əldə olunmasından sonra da davam etməsinin ciddi narahatlıq doğurduğunu bildirib və məsələnin həlli üzrə siyasi dialoqun zəruriliyini vurğulayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.