Baş Prokurorluq
Azərbaycan Respublikası Baş Prokurorluğunun BƏYANATI
27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.
Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub (siyahı əlavə olunur), 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.
2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Bərdə şəhərində həlak olmuş şəxslərin siyahısı:
1. Bərdə rayonu Lənbəran kənd sakini, 1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı
2. Lənbəran kənd sakini, 1950-ci il təvəllüdlü Süleymanov Hümbət Süleyman oğlu
3. Bərdə şəhər sakini, 1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı
4. Çələbilər kənd sakini, 1972-ci il təvəllüdlü Mirzəliyev Çərkəz Xanlar oğlu
5. Ağdam şəhər sakini, 1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı
6. Çələbilər kənd sakini, 1950-ci il təvəllüdlü Mirzəliyeva Tükəzban Çərkəz qızı
7. Bərdə şəhər sakini, 1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu
8. Bərdə şəhər sakini, 1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu
9. Nifçi kənd sakini, 1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu
10. Bərdə şəhər sakini, 1975-ci il təvəllüdlü Əhmədov Mirsaqi Yusif oğlu
11. Bərdə şəhər sakini, 1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu
12. Kürdborakı kənd sakini, 1986-cı il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu
13. Bərdə şəhər sakini, 1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu
14. Bərdə şəhər sakini, 1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu
15. Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu
16. Ağdam rayonu, Quzanlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu
17. Bərdə şəhər sakini, 1940-cı il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu
18. Bərdə şəhər sakini, 1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu
19. Bərdə şəhər sakini, 1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu
20. Bərdə şəhər sakini, 1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu
21. Bərdə şəhər sakini, 1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı (2020-ci il oktyabrın 27-də xəsarət alıb, 2020-ci il oktyabrın 28-də isə vəfat edib)