20
Oktyabr

20 Oktyabr

Orduya dəstək

Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclər ölkəmizə dəstək nümayiş etdiriblər

Kastamonu Universitetində təhsil alan azərbaycanlı tələbələr Azərbaycana dəstək olmaq üçün Cümhuriyyət meydanına toplaşıblar. Tədbirdən öncə Türkiyənin “İstiqlal marşı” və Azərbaycan milli marşı səsləndirilib.

Kastamonu Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Cəmiyyətinin sədri Tural İsabəyli çıxışında Ermənistanın mülki insanları qəsdən hədəf almasını cəbhədəki uğursuzluqlarının nəticəsi kimi qiymətləndirib. Bununla yanaşı, o, beynəlxalq təşkilatların beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe nümayiş etdirmələrinin vacib olduğunu bildirərək qeyd edib: “Türkiyə dövlətinə və xalqına minnətdarlığımızı bildirir, birlik və bərabərliyimizin sarsılmaz olacağını ifadə etmək istəyirik. Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclər olaraq bütün dünyaya dövlətimizin, ordumuzun və Ali Baş Komandanımızın yanında olduğumuzu, dövlətimizin siyasətini tam dəstəklədiyimizi, ehtiyac duyulduğunda cəbhəyə gedəcəyimizi və vətənimizi qorumaq naminə vəzifəmizi tərəddüdsüz yerinə yetirəcəyimizi bütün dünyaya bildirmək istəyirik”.

Çıxışlardan sonra tələbələr “Qarabağa dönürük”, “Qarabağ Azərbaycandır” “Erməni terroruna son”, “Eşq olsun Azərbaycan ordusuna” kimi şüarlar səsləndiriblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.