17
Oktyabr

17 Oktyabr

Orduya dəstək

Almaniya azərbaycanlıları ayağa qalxıb

Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərində Ermənistan silahlı qüvvələrinin Gəncəyə növbəti raket zərbələri endirməsi nəticəsində mülki şəxslərin, azyaşlı uşaqların həlak olmasına, mülki obyektlərə ciddi ziyan dəyməsinə etiraz olaraq 10 mindən çox soydaşımızın iştirakı ilə aksiya təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya iştirakçıları Pariser Platz meydanından Brandenburq qapılarına yürüş ediblər.

Çıxış edənlər işğalçı Ermənistanın Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən müxtəlif rayonlarda dinc əhaliyə hədəflənmiş terror aktını insanlıq əleyhinə yönələn müharibə cinayəti kimi qiymətləndiriblər. Aksiyada dünya ictimaiyyətindən Ermənistanın dinc əhaliyə qarşı törətdiyi vandalizm aktlarına biganə qalmamaları və təcavüzkar dövlətin törətdiyi terror və soyqırımı aktlarına görə cəzalandırılmaları tələb edilib.

İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndiriblər.

Aksiyaya Bakıdan qoşulan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirakçılara Ali Baş Komandanın salamlarını çatdırıb.

Fransa, İtaliya, İrlandiya və bir sıra başqa ölkələrin bayraqlarının dalğalandığı tədbirdə bu ölkədəki Azərbaycan icması ilə yanaşı, türk, Ukrayna, yəhudi icmalarının nümayəndələri və digərləri iştirak ediblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.