Orduya dəstək
Azərbaycan ləzgi ictimaiyyətinin nümayəndələri beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Müraciətdə deyilir: “Sentyabrın 27-dən etibarən işğalçı Ermənistan silahlı qüvvələri 1994-cü ildən qüvvədə olan atəşkəs razılaşmasını kobud şəkildə pozaraq hərbi əməliyyatlara başlamış, bütün təmas xətti boyunca Azərbaycanın şəhər və kəndlərini iriçaplı silahlardan, artilleriya qurğularından və ballistik raketlərdən atəşə tutmağa başlamışlar.
Təcavüzkar Ermənistan 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının tələblərinə zidd olaraq dinc əhalini, çoxsaylı evləri, həyati əhəmiyyətli obyektləri, təsərrüfat təyinatlı məntəqələri, xəstəxanaları, məktəbləri və digər infrastruktur obyektlərini hədəfə almaqda davam edir.
Ermənistanın hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu sentyabrın sonundan başlayaraq cəbhə xəttində uğurlu hərbi əməliyyatlar keçirmişdir. Bu əməliyyatlar nəticəsində Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarca kənd, strateji yüksəkliklər düşməndən azad edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın hərbi təxribatlarına qarşı başlanan əks-hücum əməliyyatlarının gedişində böyük siyasi iradə, sərkərdə qətiyyəti və prinsipiallıq göstərərək, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir.
Ermənistan ordusu humanitar atəşkəs rejiminə riayət etmir və ona görə də Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında düşməni işğal olunmuş torpaqlarımızdan qovmağı davam etdirmək əzmindədir. Belə bir vaxtda erməni təxribatçıları yeni hiylələrə əl atır, Azərbaycanın ayrı-ayrı xalqlarını, o cümlədən, ləzgiləri Vətənin müdafiəsindən imtina etməyə çağırır, respublikamızın xalqları arasında nifaq salmağa çalışırlar. Onlar unudurlar ki, Azərbaycan burada yaşayan bütün xalqların Vətənidir və bu xalqların nümayəndələri Vətəni son damla qanlarınadək müdafiə edəcəklər. Hazırda yüzlərlə ləzgi gənci Azərbaycan Ordusu sıralarında düşmənlə döyüşür və qəhrəmanlıq nümunələri göstərirlər.
Vətəni qorumaq onun hər bir vətəndaşının müqəddəs borcudur. Respublikamızın ləzgi ictimaiyyəti də bunu yaxşı başa düşür. Erməni təxribatçılarının müxtəlif hiylələrə əl atdığı bir vaxtda həmvətənlərimizi daha da sayıq olmağa, həmişə olduğu kimi, yenə də doğma Azərbaycanımızın müdafiəsinə layiqli töhfə verməyə çağırırıq.
Biz BMT Təhlükəsizlik Şurasının Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxmasını tələb edirik. Ümid edirik ki, beynəlxalq təşkilatlar təcavüzkar erməni siyasətinə son qoyulmasından, hərbi cinayətlərin qarşısının alınmasından, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən tezliklə çıxmasından ötrü Ermənistana təzyiqi artıracaq, bölgədə təhlükəsizlik mühitinin bərqərar olunması üçün səylərini əsirgəməyəcəklər.
Qarabağ Azərbaycandır! Eşq olsun şanlı Azərbaycan Ordusuna!
Müraciəti imzaladılar:
İmran Rzayev – “Samur Ləzgi Milli Mədəni Mərkəzi İctimai Birliyi”nin sədri
Kamal Abdullayev – elmlər doktoru, Beynəlxalq akademiyaların üzvü, Prezident təqaüdçüsü
Qeylani Pənahov – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
Kamil Aydazadə – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
Əşrəf Balamətov – texniki elmlər doktoru, Energetika İnstitutunun elmi istiqamətində rəhbəri, Rusiya Elektrotexnika Akademiyasının fəxri üzvü
Şair Ramaldanov – Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki
Yaşar Aydəmirov – Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan general-leytenantı
Beyyaməddin Davudov – Azərbaycan Dövlət Universitetinin dosenti
Dünyaməddin Əskərov – Azərbaycan Neft Akademiyasının dosenti
Müzəffər Məlikməmmədov – “Samur” qəzeti baş redaktorunun müavini, yazıçı-publisist
Dağlar Səfərov – sahibkar
Məmmədağa Sərdarov – siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Afət Əlifov – Bakı Mühəndislik Universitetinin Memarlıq və İnşaat fakültəsinin dekanı, elmlər namizədi, dosent
Ruslan Şeydayev – AzTV-nin ləzgi redaksiyasının baş redaktoru
Zavir Nəcəfov – “Samur Ləzgi Milli Mədəni Mərkəzi İctimai Birliyi”nin katibi
Edviq Həsənov – “Samur Ləzgi Milli Mədəni Mərkəzi İctimai Birliyi”nin gənclərlə iş sektorunun rəhbəri”.