14
Oktyabr

14 Oktyabr

Orduya dəstək

Azərbaycanın idman ictimaiyyətinin bir qrupu cəbhəboyu zonada əsgərlərimizlə görüşüb

Azərbaycanın idman ictimaiyyətinin nümayəndələrindən ibarət bir qrup düşmənin genişmiqyaslı təxribatlarına adekvat cavab verərək ona sarsıdıcı zərbələr vuran müzəffər Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirmək üçün cəbhə bölgəsinə səfər edib.

“BrendSport.az” saytının təşkilatçılığı ilə reallaşdırılan səfər çərçivəsində, həmçinin Xəzər rayonunun Binə qəsəbəsindəki 121 nömrəli orta məktəbin şagirdləri “Qarabağ əsgərinə məktublar” layihəsində fəal iştirak ediblər. Məktəblilər hərbçilərimizə məktublar yazaraq, ürək sözlərini ifadə edib, daim Azərbaycan əsgərinin yanında olduqlarını və onlara güvəndiklərini bildiriblər.

Əsgərlərlə görüşə “Azərbaycan İdmançıları” İctimai Birliyinin, Peşəkar Boks Federasiyasının, 1 nömrəli Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, “Cəngi” idman klubunun üzvləri və “BrendSport.az” saytının əməkdaşları qatılıblar.

Qəhrəman əsgərlərimizlə görüşdə Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Olimpiya” və “Şöhrət” ordenli Hicran Şərifov ordumuzun şücaətindən danışaraq, xalqımızın Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Silahlı Qüvvələrimizə güvəndiyini bildirib, əsgərlərimizə Qarabağ zəfəri arzulayıb.

Əsgərlərimizlə görüşdən xoş təəssüratla ayrılan tədbir iştirakçıları bu cür səfərlərin davamlı təşkil olunacağını bildiriblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.