11
October

11 Oktyabr

Orduya dəstək

Ankarada Azərbaycana dəstək aksiyası keçirilib

Qars-Ardahan-İğdır Dərnəklə Federasiyasının təşkilatçılığı ilə Ankaradakı Güneypark bağında Azərbaycana dəstək aksiyası keçirilib.

Əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqları, dostluq və qardaşlıq çağırışları yazılan plakatlar olan iştirakçılar həmrəylik şüarları səsləndiriblər.

Ermənistanın məlum atəşkəs razılaşmasını bilərəkdən pozaraq Azərbaycanın yaşayış məskənlərini, eləcə də dinc əhalini atəşə tutmasını kəskin şəkildə qınayan Türkiyə Prezidentinin baş müşaviri, Yerli Düşüncə Dərnəyinin fəxri sədri Yalçın Topçu deyib: “Can Azərbaycanımız, igid övladları ilə özünə aid məsələlərin qərarını bundan sonra da özü verəcək. Cəbhədəki qələbələr bir daha göstərir ki, Azərbaycan əsgəri qərarlıdır. Ya Qarabağ, ya ölüm!”

Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa etmək istədiyini diqqətə çatdıran Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib ki, bölgədə sülhün bərqərar olunmasının yeganə yolu, Qarabağın işğaldan azad olunmasıdır.

Qars-Ardahan-İğdır Dərnəklər Federasiyasının sədri Erdoğan Yıldırım diqqətə çatdırıb ki, təcavüzkar Ermənistan, qayda, qanun, insani dəyərlər tanımayan terrorçu dövlət olaraq Azərbaycana qarşı ağır cinayətlərini davam etdirir. Dünya ictimaiyyəti bu quldur dövlətə qarşı tədbirli olmalıdır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.