Orduya dəstək
Qardaş Türkiyədə Azərbaycana növbəti dəstək aksiyası keçirilib
Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqının İstanbul təmsilçiliyində ölkəmizə dəstək məqsədilə “Qarabağ Azərbaycan torpağıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Türkiyədə fəaliyyət göstərən yüzə yaxın QHT sədrləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Qarabağın işğaldan azad edilməsinin vacibliyini, qardaş ölkə olaraq hər şəraitdə və hər zaman Azərbaycanın yanında olduqlarını bildiriblər.
Dağlıq Qarabağın tarixi türk yurdu olduğunu diqqətə çatdıran Kamu-Sen Həmkarlar İttifaqının İstanbul rəhbəri Remzi Özmen bu ərazilərdə indiyədək türk millətinə məxsus tarixi abidələrin hələ də olduğunu xatırladıb. Əsrlərboyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları barədə danışan R.Özmen deyib: “Yaxın keçmişdə işğalçı Ermənistan tərəfindən dünyanın gözü qarşısında Xocalı soyqırımı törədildi. Bu hadisənin qanlı izləri hələ qurumayıb. Ermənilər törətdikləri bu soyqırımlara görə hələ də cavab verməyiblər. Qana doymayan bu terrorçu dövlət təcavüzkar siyasətini davam etdirir. Bu gün də qanun tanımayan Ermənistan Azərbaycana qarşı hərbi təxribatlar törədir, nəticədə günahsız insanlar, uşaqlar öldürülür”.
Tədbirdə çıxış edən Türkiyənin Anadolu Ziyalılar Ocağının rəhbəri, professor İbrahim Öztek Qafqaz İslam Ordusunun yarımçıq qalan hərəkatının bu son bir neçə gün ərzində qəhrəman Azərbaycan Ordusu tərəfindən davam etdirildiyini bildirib: “Bütün türk millətinin tək amalı Qarabağın tarixinə qovuşmasıdır. Son hadisələr Azərbaycan Ordusunun gücü və qüdrəti ilə yanaşı, Azərbaycan xalqının iradəsini və Türkiyə-Azərbaycan həmrəyliyini dünyaya bir daha sübut etdi. Azərbaycan Ordusu bu bir neçə gün ərzində nələrə qadir olduğunu hər kəsə göstərdi”.
Tədbirdə iki dövlətin bayraqları dalğalanıb, Azərbaycana qardaş dəstəyi nümayiş etdirilib.