03
Oktyabr

3 Oktyabr

Xarici İşlər Nazirliyi

Azərbaycan ilə Aİ arasında bölgədəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb

Oktyabrın 3-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı olub.

Telefon danışığı zamanı tərəflər bölgədə mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Aİ-nin ali nümayəndəsi bölgədə yaşanan gərginliklə bağlı ciddi narahatlığını bildirib. Avropa İttifaqının gərginliyin aradan qaldırılmasında maraqlı olduğu və münaqişənin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəklədiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın son aylarda həyata keçirdiyi təxribatçı fəaliyyətin davamı olaraq, sentyabrın 27-də bütün cəbhə boyu Azərbaycana qarşı yeni təcavüzə əl atdığını və buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlələr həyata keçirdiyini qeyd edib. Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədli şəkildə hədəfə aldığını Aİ rəsmisinin diqqətinə çatdıran nazir Ceyhun Bayramov nəticədə 19 nəfər dinc sakinin həlak olduğu, 63 nəfərin isə yaralandığı barədə məlumat verib. Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələrinin raket və artilleriya atəşinə tutulduğunu qeyd edən nazir bununla ciddi təxribata əl atan Ermənistanın üçüncü tərəfləri münaqişəyə cəlb etmək məqsədi güddüyünü bildirib. Bölgədə sülhün təmin olunması üçün beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət olunmasının və Azərbaycanın ərazilərinin işğalına son qoyulmasının vacibliyi vurğulanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.