04
Oktyabr

4 Oktyabr

Xarici İşlər Nazirliyi

Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib

İsrailin “İ24” televiziya kanalının ərəb dilində yayımlanan studiyasının xəbərlər proqramının saat 20.00 buraxılışının canlı efirinə Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika idarəsinin müşaviri Elnur Məmmədzadə qoşulub.

Aparıcının Fransa prezidenti Emmanuel Makronun Suriyadan olan muzdluların Azərbaycana göndərilməsinə dair bir sıra dövlətləri açıq şəkildə ittiham etməsi ilə bağlı bəyanatı, eyni zamanda, Türkiyənin Ermənistan qoşunlarının tam çıxarılmasına dair tələblərinin mövcud vəziyyəti daha gərginləşdirəcək kimi suallarına Elnur Məmmədzadə tutarlı və əsaslandırılmış cavab və şərhlər verib.

Elnur Məmmədzadə deyib: “İlk növbədə, biz sual verməliyik ki, kimdir günahkar? Biz, Azərbaycan Respublikası 30 ildir ki erməni işğalından əziyyət çəkirik. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib. Əlbəttə, bəzi dövlətlərin başçılarının bəyanatlarının heç bir əsası yoxdur, bu bəyanatlar heç bir dəlil və sübuta əsaslanmır. Biz vurğulamaq istəyirik ki, rəşadətli Azərbaycan ordusu öz imkanları ilə işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etməyə qadirdir. Haqq bizimlədir, beynəlxalq qanunvericilik və hüquq bizim tərəfimizdədir. 1993-cü ildə BMT TŞ tərəfindən münaqişəyə dair 4 qətnamə qəbul olunub. İƏT, QH, AŞPA və digər mötəbər regional və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr birmənalı olaraq Dağlıq Qarabağ və yeddi ətraf rayonu Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır və dərhal Azərbaycan ərazilərinin işğalının dayandırılmasını və Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edir. Biz hesab edirik ki, bu kimi bəyanatların heç bir əsası yoxdur”.

O bildirib ki, Türkiyə regionda nəhəng dövlətdir. Türkiyə daim həqiqətin, ədalətin, beynəlxalq hüquq və qanunvericiliyin tərəfdarı olub. Türkiyə bir daha BMT TŞ-nin Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılmasını və dərhal işğalçı qoşunların Azərbaycan ərazilərindən geri çəkilməsini və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını əks etdirən qətnamələrinin yerinə yetirilməsi tələbini vurğulayır. Bu işğal nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. Biz əminik ki, rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edəcək və yaxın zamanlarda biz Azərbaycan bayrağını işğal olunmuş ərazilərdə sancacağıq. Bir daha vurğulamaq istəyirəm ki, digər dövlətlərin bu münaqişəyə heç bir müdaxiləsi yoxdur.

Aparıcı Azərbaycan rəsmilərindən birinə istinad edərək, bildirib ki, İsrail Azərbaycana hərbi yardımlar edir. Bəziləri isə bildirirlər ki, döyüşlər zamanı təyyarələrdən də istifadə olunur.

Sonda aparıcı Azərbaycan karbohidrogen ehtiyatlarının regionda Rusiya ehtiyatlarına alternativ olduğunu nəzərə alaraq, Avropa dövlətlərinin mövcud münaqişənin daha da qızışmasından narahatlığın nə dərəcədə olduğunu soruşub.

Elnur Məmmədzadə bu suallara cavab olaraq bildirib ki, Azərbaycan ilə İsrail arasında sıx əlaqələr mövcuddur. İki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq var. Məlumdur ki, biz bir sıra dövlətlərdən silah idxal edirik. İsrailin müdafiə sənayesi sahəsində yüksək texnologiyalara malik olan dövlət olduğunu nəzərə alaraq, Azərbaycan tərəfindən İsrail istehsalı olan silahların alınmasında heç bir qəbahət yoxdur. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanda heç bir xarici qüvvə yoxdur. Bizim digər dövlətlərdən gətirilən muzdlu döyüşçülərə ehtiyacımız yoxdur. Ordumuz güclüdür, xalqımız və ordumuzun ruh yüksəkliyi ilə biz işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etməyə qərarlıyıq. 30 ildir ki Azərbaycan xalqı səbirsizliklə beynəlxalq qanunvericiliyinin qətnamələrinin həyata keçirilməsini gözləyir. Lakin, beynəlxalq ictimaiyyət bu illər ərzində Ermənistana təzyiq etmək və işğalçının Azərbaycan torpağından çıxmasına vadar etmək iqtidarında olmamışdır. Beynəlxalq qanunvericiliyin qətnamələri ilə tanış olmaq istəyən hər bir şəxs BMT-nin rəsmi internet səhifəsi olan un.org-a daxil olaraq, tanış ola bilər.

Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan qısa zaman ərzində neft və qaz təchizatının nəqli üzrə strateji əhəmiyyət kəsb edən ölkəyə çevrilmişdir. Biz mövcud olan neft və qaz kəmərləri vasitəsilə Türkiyə və oradan da Avropa ölkələrinə karbohidrogen ehtiyatları ixrac edirik. Ermənistan mütəmadi olaraq Azərbaycanın neft və qaz infrastrukturunu təhdid edir, təmas xəttində Azərbaycanın mülki əhalisini hədəfə alır. Eyni zamanda, iki ay bundan öncə Ermənistan iki ölkə arasında sərhəd bölgəsində mülki əhali və hərbi obyektləri hədəfə almışdır. Təcavüzkar ölkənin bu təxribatçı əməllərinin məqsədi Azərbaycanı qorxutmaq və təhdid etməkdir ki, qeyd olunan amilləri bizə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəkdir. Öncədə qeyd etdiyim kimi bir daha vurğulamaq istəyirəm ki, bizim öz maraqlarımızı, neft və qaz infrastrukturumuzu qorumaq üçün bütün imkanlarımız mövcuddur. Ermənistan regionda sabitliyin və təhlükəsizliyin sarsıdılmasına görə məsuliyyətini dərk etməlidir. Regionda yaranmış gərginliyin yeganə səbəbi sülhə və təhlükəsizliyə təhdid təşkil edən və 30 il ərzində işğalçılıq və təcavüzkar siyasəti həyata keçirən Ermənistandır. Biz beynəlxalq ictimaiyyətdən Ermənistana təzyiq edərək, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa vadar etməsini tələb edirik.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.