04
Oktyabr

4 Oktyabr

Xarici İşlər Nazirliyi

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri cəbhədəki vəziyyətlə bağlı məlumatlandırılıb

Oktyabrın 4-də Azərbaycan Respublikası Xarici İşlər nazirinin təşəbbüsü ilə nazir Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Endryu Şofer arasında telefon danışığı olub.

Nazir Ceyhun Bayramov, amerikalı həmsədrə bölgədəki yüksək gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü atəşə tutması barədə məlumat verib. Nazir, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin raket atəşinə tutulmasının mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb.

Endryu Şoferə məlumat verilib ki, bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 24 azərbaycanlı mülki şəxs şəhid olub, 111 nəfər isə yaralanıb. Vurğulanıb ki, Ermənistan bu hərbi təxribatları həyata keçirməklə dinc əhalini terrora məruz qoymaq, hədələmək və çaxnaşma yaratmaq məqsədi güdür. Nazir, bunun Ermənistanın siyasi-hərbi rəhbərliyinin terror taktikasını açıq şəkildə nümayiş etdirdiyini qeyd edib.

Bölgədəki gərginliyin artmasından ciddi narahatlığını ifadə edən Endryu Şofer, atəşkəsə riayət edilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir Ceyhun Bayramov, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasnını bölgədə sülhün təmin olunması baxımından zəruri olduğunu bildirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.