Orduya dəstək
Cəlilabadda milli orduya dəstək aksiyası keçirilib
Bu gün ölkəmizin hər yerindən olan vətəndaşlarımızın ürəyi düşmənlə Vətən torpaqları uğrunda döyüşən əsgər və zabitlərimizlə birlikdə döyünür. Sadə vətəndaşlar ordumuza dəstək olmaq üçün cəbhəyə zəruri olan müxtəlif məhsullar yola salırlar. "Qarabağ Azərbaycandır!", "Hər şey Vətən üçün!" şüarları yazılmış maşın karvanlarının üz tutduqları istiqamət də elə Qarabağdır.
Ölkəmizin bütün regionlarında olduğu kimi, Cəlilabad rayonunda da sakinlər Milli Ordumuza həmrəy olaraq cəbhədəki əsgərlərə zəruri olan tibbi ləvazimatlar və ərzaq sovqatları göndərirlər.
Azərbaycan Ordusunun bu yardımlara ehtiyacı olmasa da, sakinlər könüllü aksiyalarla öz vətəndaşlıq borclarını yerinə yetirdiklərini bildirirlər.
Qeyd edək ki, Milli Ordumuza könüllü dəstək aksiyası Cəlilabadla yanaşı, cənub bölgəsinin digər rayonlarında, demək olar ki, hər gün keçirilməkdədir.