Orduya dəstək
“Biz birlikdə güclüyük” adlı bayraq aksiyası keçirilir
Gənclər və İdman Nazirliyinin, AFFA-nın birgə təşəbbüsü ilə “Biz birlikdə güclüyük” aksiyası keçirilir. Aksiya çərçivəsində sentyabrın 30-da gənclər paytaxtın üç müxtəlif yerində vətəndaşlara, sürücülərə bayraqlar təqdim edirlər.
Hazırda cəbhədə torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gərgin döyüşlər gedir. Gənclərimiz ordumuzun zəfərlərindən qürur duyurlar. Ölkəmizdə bayraqların eyvanlardan asılması, avtomobillərdə bayraqların nümayiş etdirilməsi xalqımızın birliyini göstərir. Bu, eyni zamanda, xalqımızın bayrağımıza və Vətənimizə sevgisinin rəmzidir.
Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova jurnalistlərə müsahibəsində deyib.
Səmayə Məmmədova qeyd edib ki, gün ərzində davam edəcək aksiya çərçivəsində xüsusi geyimli könüllülər tərəfindən şəhərdə üç müxtəlif istiqamətdə 300, ümumilikdə isə 1000-dək bayrağın paylanılması nəzərdə tutulur. Bu həm də cəbhədə ərazilərimizin azadlığı uğrunda vuruşan əsgərlərimizlə həmrəyliyimizi, onlara dəstəyimizi və eyni zamanda, Vətənimizə olan məhəbbətimizi göstərir.