08
Oktyabr

8 Oktyabr

Orduya dəstək

Xalq-ordu birliyinin növbəti nümunəsi

Muxtar respublikada hərbi hissələrə sovqat aparılması artıq ənənəyə çevrilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, xalq-ordu birliyini əks etdirən tədbirlərin davamı olaraq Naxçıvan şəhər Qaraçuq kənd sakini Hikmət Muxtarov tərəfindən hərbi hissəyə sovqat təqdim edilib. Əsgərlərimizlə söhbət zamanı Hikmət Muxtarov əsgərlərə çətin və şərəfli xidmətlərində uğurlar arzu edib. Qeyd edib ki, xalqla ordu arasında sarsılmaz birliyin olması ordumuzun gücünü daha da artırır.

Sonra gətirilən sovqat hərbi hissəyə təhvil verilib.

Bu xeyirxah işdə Şərur rayonunun ailə təsərrüfatçıları da yaxından iştirak edirlər.

Ayrı-ayrı özəl qurumlar, sahibkarlıq subyektləri, eləcə də fermerlər tərəfindən hərbi hissələrə meyvə-tərəvəz və müxtəlif ərzaq sovqatlarının göndərilməsi davam edir. Şərur rayonunun Alışar kənd sakinləri Rəşadət Abdullayev, Məhərrəm İsgəndərov, Həsən Məmmədov, Cəlilkənddən Yaqub Tağıyev, Məhəmməd Tağıyev və Şərur şəhərindən Faiq Abbasov müxtəlif tərəvəz və ərzaq məhsullarını əsgərlərə göndəriblər. Ailə təsərrüfatçıları tərəfindən 300 kiloqram ət, 8 ton soğan, 8 tondan artıq kartof, 50 kiloqram pendir, 40 litr süd hərbi hissəyə təhvil verilib.

Sədərək Rayon İcra Hakimiyyəti və rayonun idarə, müəssisə və təşkilatları, həmçinin yerli əhali tərəfindən əsgərlərə sovqat aparılıb. Bu münasibətlə keçirilən tədbirdə icra hakimiyyətinin əməkdaşı Mahir Vəliyev və Sədərək kənd sakini Zamin Kərimov əsgərlərə müvəffəqiyyətlər arzulayıblar. Əsgərlər gətirilən sovqata görə minnətdarlıqlarını bildiriblər.

Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşları da Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin birində olub, əsgərlərimizə sovqat gətiriblər. Səmimi söhbət zamanı xalq-ordu birliyindən danışılıb, əsgər və hərbçilərimizə şərəfli xidmətlərində uğurlar arzulanıb. Gətirilən sovqat hərbi hissəyə təhvil verilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.