Orduya dəstək
Məmmədli bacıları xərcliklərindən qənaət etdikləri vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna köçürüblər
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusuna zərbələri, 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı azad etməsi uşaqdan böyüyə hər bir azərbaycanlıda qürur hissi doğurur. Azərbaycan xalqının ordumuzun tezliklə bütün torpaqlarımızı azad edəcəyinə və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə inamı sonsuzdur. Bu günlərdə hər bir vətənpərvər azərbaycanlı ordumuza öz dəstəyini, sevgisini göstərmək üçün əlindən gələni etməyə çalışır. Elə Əminə və Mirvari Məmmədli bacıları da Azərbaycan Ordusunun qələbə yürüşünə öz kiçik dəstəklərini verməyi qərara alıblar. Belə ki, qızlar bir neçə il ərzində gündəlik xərcliklərindən qənaət etdikləri pulu Silahlı Qüvvələrə Yardım Fonduna köçürüblər.
Orta məktəb şagirdləri olan Əminə və Mirvari bildiriblər ki, Xocalıda azərbaycanlılara, xüsusən də uşaqlara və qadınlara qarşı törədilən vəhşiliklər barədə məktəbdə oxuduqları, televiziyadan izlədikləri onlarda erməni cəlladlarına qarşı nifrət yaradıb. Sentyabrın 27-dən başlayan Vətən müharibəsində eşitdiyimiz qələbə xəbərləri bizi çox sevindirir. Biz bu müzəffər yürüşdə rəşadətli əsgərlərimizə necə dəstək olmaq barədə düşündük və qərara gəldik ki, bir neçə il ərzində ad günlərimizdə, məktəbdə qazandığımız uğurlar zamanı atamızın bizə hədiyyələr almaq üçün ayırdığı pulu, habelə gündəlik xərcliklərimizdən topladığımız vəsaiti ordumuza yardım fonduna köçürək. Valideynlərimiz də bu fikrimizi alqışladılar, beləcə həmin pulu (5 min 115 manat) Silahlı Qüvvələrə Yardım Fonduna köçürdük. Əslində bilirik ki, Azərbaycan dövlətinin, onun ordusunun maddi yardıma ehtiyac yoxdur, amma biz, sadəcə, bu zəfərdə kiçik bir töhfəmiz olsun deyə belə qərar qəbul etdik.
Qeyd edək ki, Əminə Akademik Zərifə Əliyeva adına liseydə 9-cu, Mirvari isə 160 saylı klassik gimnaziyada 8-ci sinfin əlaçı şagirdidir. Onlar gələcəkdə ali təhsil alıb, Azərbaycanın inkişafı üçün səylə çalışmaq arzusundadırlar. Boş vaxtlarında balaca bacıları Həliməyə də hərfləri, rəqəmləri saymağı öyrədilər.